Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib SƏRƏNCAM

10 Avqust 2018 17:40 (UTC+04:00)

Prezident İlham Əliyev Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Teymur Ənvər oğlu Göyçayev (11 avqust 1958) - Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artisti.

T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını almışdır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.