Avstraliyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

10 Avqust 2018 17:15 (UTC+04:00)

Avstraliya İttifaqının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braun Gəncədə səfərdədir. SİA-nın verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev səfir İnnes-Braunu qəbul edib. Görüşdə qonağa Gəncə, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə ətraflı məlumat verilib, həyata keçirilən irimiqyaslı tikinti layihələri, abadlıq-quruculuq işlərindən söz açılıb.

Gəlişin tanışlıq məqsədi daşıdığını deyən səfir İnnes-Braun, Bakıdan sonra Gəncədə də olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, Gəncə həqiqətən də qədim tarixə və zəngin mədəniyyətə sahib bir şəhərdir.

Gəncənin iqtisadiyyatı, icra olunan sosial layihələr, şəhərə gələn turist sayı ilə maraqlanan qonağa bildirib ki, 4000 illik tarixi keçmişə malik olan Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Gəncə 2019-cu il üçün isə Avropanın İdman Şəhəri statusuna sahibdir. Gəncəyə əsasən MDB ölkələri, habelə qonşu ərazilərdən turistlər gəlir.

Avstraliyanın Azərbaycan və Gürcüstan üzrə Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri İnnes Braun Gəncəyə səfəri çərçivəsində Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi və Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsində bir sıra görüşlər keçirib.