Ramin Musayev: "Zaman keçdikcə yeniliklərin faydasını görəcəyik"

10 Avqust 2018 15:26 (UTC+04:00)

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirildi. SİA-nın məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti R.Musayev yeniliklər barədə məlumat verdi:
“Yeni mövsümdə iştirakçı komandalara uğurlar arzu edirəm. I Divizionla bağlı bir sıra müzakirələr oldu. Yekunda qərar verdik ki, çempionat 14 komandanın iştirakı ilə keçirilsin. Keçən il çıxışımda demişdim ki, hansı komanda başqa yollara əl atarsa cəzalanacaq. Çünki bizə idman mübarizəsi lazımdı. Ötən il AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa sübuta ehtiyac yoxdur. Çünki od olmayan yerdən tüstü çıxmaz. Çox təəssüf ki, ötən il beynəlxalq futbol qurumlarından bir sıra məktublar aldıq. Bu isə xoş hal deyil. Odur ki, müvafiq qərarlar qəbul etdik. Müəyyən müzakirələrdən sonra yeni limit tətbiq edildi. Limit dəyişikliyindən sonra 1-ci il ola bilər ki, çempionatın səviyyəsi yüksək olmasın. Amma zaman keçdikcə yeniliklərin faydasını görəcəyik. Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdır”.
Ramin Musayev yeni mövsümün reqlamenti barədə də danışdı: “Oyunlar zamanı 5 əvəzetməyə icazə veriləcək. 14 komandanın iştirak edəcəyi yarış 2 dövrədən ibarət olacaq”.

Qeyd edək ki, I Divizionda ilk turun oyunları 23-24 avqustda baş tutacaq.