Payızda müxalifət düşərgəsində ölüm-qalım savaşı baş verəcək TƏRS BAXIŞ

10 Avqust 2018 13:23 (UTC+04:00)

“Ağ Partiya”nın sədri: “Onlar siyasi taftalogiya ilə məşğul olurlar”

Bütün seçkisonrası dövrlərdə olduğu kimi, bu dəfə də radikal təmayüllü müxalifət düşərgəsi siyasi uğursuzluğu ilə barışmalı olub. Ümumiyyətlə, düşərgənin süstlüyü artıq göz önündədir və oradakı partiyalar necə deyərlər, öz qınlarına çəkilib növbəti siyasi-ictimai proseslərə qədər ayaqda qalmağa cəhd göstərirlər. Lakin hazırda yay mövsümü olduğuna görə, necə deyərlər, “kölgəliyə çəkiliblər”. Bu, həm də onların mövsümi müxalifət olmalarından xəbər verir. Lakin onların bu kimi “yaşam” tərzində isə “liderlərin” dadlarına çatan sosial şəbəkələrdir ki, məhz feysbuk, tvitter kimi şəbəkələrdə “var” olduqlarını göstərməyə çalışırlar.

Düzdür, ictimai rəy onsuz da bu cür zəif, lüzumsuz və qeyri-səmərəli müxalifəti qəbul etməyib, etmir də, ancaq “Milli Şura”, AXCP, Müsavat və s. bəzi partiyaların rəhbərliyi hələ də xam xəyallarına dalaraq, guya ölkənin ictimai-siyasi həyatında “mühüm fərd” olduqlarını sanırlar. Halbuki, təkcə “Milli Şura”nı götürərsək, bu qurumun hətta ona üzv olmayan digər siyasi qurumların iştirakı ilə birgə normal aksiya, mitinq keçirə bilməməsi qeyd olunan reallığı kifayət qədər isbatlamış olur. Biz, bunun dəfələrlə şahidlərinə çevrilmişdik...

“Artıq əvvəlki formatlarına qayıdıblar”

Bu arada, “Ağ Partiya”nın sədri, Müsavat partiyası gənclər təşkilatının keçmiş sədri Tural Abbaslı müxalifətin acınacaqlı vəziyyətinə münasibətini açıqlayarkən deyib ki, adamlar, yəni Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və başqaları uzun illərdir siyasətlə məşğuldurlar, amma mübarizə aparmaq yerinə köhnəlmiş metodlar seçirlər: “Uzun illərdir hər biri siyasi partiyalara rəhbərlik edirlər, amma heç vaxt da bu təşkilatlar ictimai-siyasi hazır olmur. Bunu ört-basdır etmək üçün də siyasi taftalogiya ilə məşğul olurlar. Hətta aktiv siyasi mübarizə aparanları da ittiham etdilər. Özləri isə candərdi aksiyalar keçirməklə, gündəmdə qalmağa çalışırlar. İndi də növbəti dəfə əvvəlki formatlarına qayıdıblar”.

“50-60 yaşdan yuxarı insanlardır, yəni, onlar həm fiziki, həm də psixoloji baxımdan mübarizə əzmində deyillər”

T.Abbaslı da hesab edir ki, lazımsız üsullarla müxalifətdə qalmaq, hətta düşərgədə monopoliya yaratmaq istəyənlər bu maraqlarının arxasında digər məqamları güdürlər – düşərgədə təmsil olunmaqla siyasi biznes qurmaq və müəyyən xarici təşkilatların verdikləri sifarişləri yerinə yetirib pul-para qazanmaq. Eləcə də müxalifət düşərgəsinə qatılmaq istəyində olan yeni qüvvələrin qarşısını hansı vəchlə olsun almaq “liderlərin” başlıca məqsədlərindən biridir. Bununla bağlı “Ağ Partiya” sədri də deyir ki, belələrinin planları da müxalifət adına ortaya çıxmaq istəyən siyasi qüvvələrə, şəxslərə imkan verməməkdir: “Bu yolla da öz “bazarlarına” sahib olmaq istəyirlər. Bu insanların özləri öz potensiallarına, qələbə qazanacaqlarına inanmırlar, xalqın onlara etimad edəcəklərinə də inamları yoxdur. Həmin insanlar üçün “müxalifətçilik” biznesdir, yaşam mənbəyidir”.

Beləliklə, T.Abbaslı hesab edir ki, radikal müxalifət daxilindəki süstlük təsadüfi deyil və bu, dağıdıcı müxalifət “liderlərinin” fəaliyyətsizliyi ilə əlaqələndirilə bilər: “Uzun illər bu adamların arasında olmuşam. Onların əksəriyyəti 50-60 yaşdan yuxarı insanlardır. Yəni, onlar həm fiziki, həm də psixoloji baxımdan mübarizə əzmində deyillər. Onları mübarizə yox, yaxşı yaşamaq, komfortlu həyat maraqlandırır. Bilirlər ki, mübarizə zəhmət, əziyyət tələb edir. Bu yükün altına girmədikləri üçün də müxalifət daxilindəki prosesləri maksimum ölü nöqtədə saxlamaq istəyirlər. Buna görə də boykot yolunu seçirlər. Özlərini əziyyətə salmaq istəmirlər, bugünkü vəziyyətlə barışıblar və öz məişət məsələlərini həll etməklə məşğuldurlar”.

Reallıqda budur ki, əslində düşərgədəki köhnə və nimdaş müxalifət partiyalarının “liderlərini” haqlı olaraq ittiham edən digər müxalifətçi T.Abbaslı belə siyasi qurumların tarixin arxivinə atılması vacibliyinə eyham vurur. Hətta qənaətə gəlmək olar ki, yaxın zamanlarda istər “Ağ Partiya”, istərsə də bu kimi digər yeni yaradılmış müxalifət partiyaları köhnələri siyasi arenadan çıxdaş edəcəklər. Daha dəqiqi, çox yaxın vaxtlarda bütövlükdə müxalifət düşərgəsində ölüm-qalım savaşına start veriləcək. Bu savaşdan hansılarının sağ-salamat çıxacaqlarını isə zaman göstərəcək...

R.RƏSULOV