Bir ayda 28 istehsal sahəsi yaradılıb, 277 yeni iş yeri açılıb - Naxçıvanda

10 Avqust 2018 12:38 (UTC+04:00)

Bu ilin iyul ayında mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub, 28 istehsal sahəsi yaradılıb, 277 yeni iş yeri açılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min manatdan artıq maliyyə dəstəyi göstərilib. Dахili bаzаrın qоrunmаsı, аntiinflyаsiyа tədbirlərinin gücləndirilməsi məqsədilə istehsal müəssisələri, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət diqqətdə saxlanılıb, 54 səyyar və 178 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, keyfiyyət göstəriciləri təhlil edilib. Həmçinin kənd təsərrüfаtı və yerli istehsal məhsullаrının satışı yarmarkaları təşkil olunub, soyuducu anbarlara 3 min tonadək meyvə-tərəvəz məhsulları, taxıl еmalı müəssisələrinə 4 min tondan artıq taxıl tədarük edilib.

Naxçıvan Biznes Mərkəzi tərəfindən muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, sənətkarların fəaliyyətinin stimullaşdırılması və iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, 17 adda əl işinin satışı həyata keçirilib, Cəlilkənd buzxanasında xalçatoxuma, misgərlik və rəssamlıq sahələri yaradılıb.