“Taliban” Qəzni şəhərini tutmağa çalışır

10 Avqust 2018 12:17 (UTC+04:00)

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhəri istiqamətində hücuma başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, taliblərin bəyanatında onların bir neçə istiqamətdən eyni adlı vilayətin administrativ mərkəzinə daxil olmağa çalışdığı bildirilir.

Hazırda hökumət qüvvələri və “Taliban” arasında gedən şiddətli döyüşlər səbəbindən Kabil-Qəzni avtomobil magistralı bağlanıb. Əyalət şurasının nümayəndəsi Həmidullah Navrozi telekanala müsahibəsində deyib ki, Əfqanıstan ordusu kömək göndərməsə, Qəzni şəhəri “Taliban” hərəkatının nəzarətinə keçəcək.

Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.