Hərbi ekspert: “Ermənistanda hakimiyyət böhranı dövlət böhranına çevriləcək” ÖZƏL-ŞƏRH

10 Avqust 2018 12:18 (UTC+04:00)

“Ümumiyyətlə, Ermənistanda Sarkisyanın, Köçaryanın, Ohanyanın əlləri azərbaycanlıların qanına batıb. Onlar Azərbaycanın düşmənləri idi. Həm də deyərdim ki, bu cinayətkar xunta öz xalqının da düşməni idi”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda hakimiyyət davası gedir: “Ermənistan müstəqil dövlət deyil, əksinə korrupsiyaya uğramış cinayətkar bir rejimdir. Bu ölkə başdan-ayağa terror dalğasına bürünüb. Hətta erməni xalqı da bunları cinayətkar hesab edir. Azərbaycan tərəfi onların bütün mifini darmadağın edib. 2016-cı ilin aprel döyüşləri bütün bunları bir daha sübut edir. İşğalçı ölkənin bütün regional layihələrdən kənarda qalması Ermənistanı tamamilə çökdürüb. Hərbi xunta rejimi vaxt gələcək Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. Təbii ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı da Köçaryan kimi eyni aqibət gözləyir. Nikol Paşinyan isə növbəti parlament seçkilərini rahat şəkildə keçirmək istəyir və hakimiyyətə mane olan adamları zərərsizləşdirməyə çalışır. Ermənistanın yalnız bir yolu var o da işğal etdiyi torpaqları azad etməkdir. Get-gedə hakimiyyət böhranı dövlət böhranına çevriləcək”.