Dünyanın nəqliyyat sistemində lider ölkə TƏHLİL

10 Avqust 2018 11:14 (UTC+04:00)

Bu istiqamətdə reallaşdırılan hər bir layihə Azərbaycanın dünyada nüfuzlu yer tutmasından xəbər verir

Azərbaycanın regionun, eləcə də Avropa və dünya miqyasında başlıca nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan mühüm üstünlüklər qazandırır. Bu mənada atılan addım Azərbaycanın dünyada nüfuzlu yer tutmasından xəbər verir. Söz yox ki, əldə edilən bütün siyasi-iqtisadi uğurların başlıca təməlində Prezident İlham Əliyev faktoru və Onun məqsədyönlü, qətiyyətli siyasəti dayanmaqdadır. Belə ki, Azərbayanın düzgün xarici və daxili siyasət aparması beynəlxalq siyasəti tamamlayır və bir çox amillər üst-üstə düşür, həyata keçirilən iqtisadi layihələr dünyada təqdir edilir və qəbul olunur. Bu mənada neft-qaz, infrastruktur, nəqliyyat, logistika və s. sektorlardakı layihələrimiz çoxsaylı tərəfdaş toplayıb. Əbəs deyil ki, bir çox beynəlxalq təmsilçilər məhz bu kimi faktorları yüksək qiymətləndirir, Azərbaycanın nəqliyyat sistemində lider ölkə olduğunu vurulayırlar.

Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku: “Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutları yaradıla bilər”

Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ölkə mətbuatına açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək. Onun sözlərinə görə, söhbət "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyan layihələrdən gedərkən, Rumıniya və Azərbaycan ümumi maraqları bölüşür. D.Yanku eyni zamanda qeyd edib ki, BTQ dəmir yolu təkcə Azərbaycan üçün yox, həm də region üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Səfirin sözlərinə görə, bu, "Şərq-Qərb" dəhlizinin vacib hissəsidir və regional əlaqələrin möhkəmlənməsinə vacib töhfə verəcək: "BTQ Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək ki, bu həm də Rumıniya üçün aktualdır. Bu regionlar arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə Rumıniya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin hazırlanmasını təklif edib. Bu layihə "Şərq-Qərb" dəhlizinin Qara dənizdən keçməklə genişləndirilməsini nəzərdə tutur".

Rusiyanın Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov: “Cənubi Qafqazın əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi bonuslar vəd edir"

Rusiyanın Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov isə mediaya açıqlamasında qeyd edib ki, BTQ irimiqyaslı dəmiryol layihəsinin reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini vəd edir. Ekspertin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Bakı yox, həm də bütün region qarşısında ciddi iqtisadi perspektivlər açır: "Rumıniya tərəfinin təklif etdiyi Xəzər-Qara dəniz nəqliyyat dəhlizi təşəbbüsü düşünülmüş addımdır. Bu fikrin reallaşdırılması layihənin bütün iştirakçılarının maraqlarına uyğun olacaq. Əlbəttə, Cənubi Qafqazın əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi bonuslar vəd edir".

Rusiyalı ekspert əlavə edib ki, perspektivdə Azərbaycan Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında nəqliyyat qovşağına çevrilə bilər. Onun fikrincə, Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət qismində Rusiya tərəfi üçün də maraqlıdır.

Azərbaycan və Rusiyanın nəqliyyat sahəsində əməkdaşlığı münbit əsaslara söykənir

Bu arada onu da qeyd edək ki, Azərbaycanla Rusiya arasında digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də münbit amillər dayanmaqdadır. Belə ki, avqust ayında iqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşüb.

Nazirlikdən mətbuata verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın genişlənməsində iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bu dəhlizin nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayıb. Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisinin davam etdiyini bildirən Ş.Mustafayev bu layihənin də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında əhəmiyyətli olacağını qeyd edib.

Rusiya nəqliyyat nazirinin müavini A.Luşnikov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin uğurlu layihələrdən olduğunu vurğulayıb, hazırda Azərbaycan və Rusiya arasında icrası davam edən nəqliyyat layihələrinə, daşımaların artırılması imkanlarına və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

Məhz bu kimi mühüm faktordan da belə qənaətə gəlmək olar ki, Azərbaycanla Rusiya arasında nəqliyyat layihələri inkişaf edir və tez bir zamanda öz bəhrələrini verəcək.

Bakı-Tbilisi-Qars marşrutu ilə yeni növ yüklərin nəql edilməsinə başlanılıb

Yeri gəlmişkən, onu da qeyd edək ki, artıq, BTQ marşrutu üzrə yükdaşımalara başlanılıb və Rusiyanın “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib. Belə ki, MMK Maqnitiqorsk-Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb. Rusiya şirkətinin məlumatında bildirilir ki, hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır. Həmçinin, qeyd olunur ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafədə qət edib.

Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilib: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.

Loqistik marşrutlarının diversifikasiyası, şirkət üçün Novorosiysk limanını akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir. Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Və nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi, Maqnitoqorsk Metallurgiya Kombinatına İskəndərunda yerləşən və özünəməxsus liman vasitəsi ilə Yaxın Şərq, Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır.

Cavid Qurbanov: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin birinci mərhələsi başa çatıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlər də tam sürətlə davam etdiirilir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu barədə məlumat verib. O, qeyd edib ki, artıq layihənin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır.

C.Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Onun sözlərinə görə,“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Prezident İlham Əliyevin Bakıda avtobus parkının yenilənməsi haqqında imzaladığı sərəncam ölkədaxili nəqliyyat sisteminin perpektivli inkişafına töhfədir

Qeyd edək ki, ölkəmizin daxili nəqliyyat sistemində də bir çox uğurlu layihələr həyata keçirilir. Belə ki, Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyev Bakıda avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb. Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Sərəncamda qeyd edilir ki, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırlıb. Beləliklə, qeyd edə bilərik ki, Prezident İlham Əliyevin Bakıda avtobus parkının yenilənməsi haqqında imzaladığı sərəncam ölkədaxili nəqliyyat sisteminin perpektivli inkişafına töhfədir.

Azərbaycan vasitəsilə 6 ayda 25 milyon tondan artıq yük daşınıb

Digər əhəmiyyətli məqam Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərlə bağlıdır. Belə ki, təkcə 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub. Yük dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-km olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunub. Yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6 milyon 084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4 milyon 947,2 min tonunu tranzit yüklər təşkil edib.

Hikmət Babaoğlu: “İrana qarşı sanksiyaların “Cənub Qaz Dəhlizi”nə şamil edilməməsi layihənin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir”

Söz yox ki, dünya iqtisadiyyatının təməlində həm də siyasi amillər dayanır və bu xüsusda iqtisadi maraqlarını qoruyan dövlətlər bu və ya digər şəkildə öz siyasətlərini yürüdürlər. Buna missal kimi, ABŞ-İran arasındakı bir sıra amilləri göstərmək olar. Daha dəqiq desək, ABŞ-ın İrana sanksiya tətbiq etməsi beynəlxalq aləmdə birmənalı qarşılanmasa da, Azərbaycanın mövqeyi və balanslaşdırılmış siyasəti bu məsələdə öz rolunu oynayıb.

“İrana qarşı tətbiq olunan sanksiyaların "Cənub Qaz Dəhlizi" layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir”. Bu fikirləri mətbuata Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu layihənin müəllifi Azərbaycandır və onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib. Deputat vurğulayıb ki, müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır: “Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. Ona görə də iqtisadi sanksiyaların təzyiq rıçağı kimi istifadə edilməsi tarixində ən sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərafdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə sözün əsl mənasında 21-ci əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut etmiş oldu”.

H.Babaoğlu vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni eyni zamanda kəmər boyunca 12 fərqli investor və 12 fərqli alıcı ilə birləşdirəcək: “Bu həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı (AB) istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. Yəni əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırki gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava-su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə mailk idi və heç də təsadüfi deyildi. Ancaq belə mühüm layihələrin həmişə iqtisadi tərəflərilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da bizim üçün az əhəmiyyətli deyil”.

Deputat bildirib ki, ölkəmizin həyata keçirdiyi bu tipli meqalayihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır: “Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır”.

Amerikalı ekspert: “ABŞ üçün “Cənub Qaz Dəhlizi” İrana qarşı sanksiyalardan üstündür”

Bir sıra xarici ekspertlər də sözügedən məsələ ilə bağlı maraqlı mövqelərni açıqlayıblar. Misal üçün, amerikalı ekspert və “Bilig Brains” layihəsinin analitiki Rafael Səttarovun sözlərinə görə, ABŞ üçün “Cənub Qaz Dəhlizi” layihəsi İrana qarşı sanksiyalardan daha üstündür. O, qeyd edib ki, enerji sektoruna yönəlmiş yeni sanksiyalar İranla biznes sahəsində əməkdaşlıq edən iri şirkətlərin maraqlarına toxunacaq: “SOCAR və BP-nin qismində enerji nəhənglərinin lobbiçilik fəaliyyətləri nəticə verdi və onlar ABŞ prezidentinin yaxın ətrafına çatdıra bildilər ki, ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinə xidmət edəcək yeni layihənin mövqelərini zəiflətmək lazım deyil. Bundan başqa, Donald Trampın “Cənub Qaz Dəhlizi” ilə bağlı sərəncamı göstərir ki, ABŞ bu layihənin Rusiyanın Avropadakı layihələri ilə rəqabət aparacağını başa düşür”.

R.Səttarov həmçinin qeyd edib ki, Azərbaycan bu gün iri qaz tədarükçüsü qismində fəal şəkildə dünya bazarlarına daxil olub. Bu da Azərbaycana Qərbin marağını artırır: “Əlbəttə ki, Azərbaycan qazının həcmi Rusiya qazı ilə müqayisə oluna bilməz, amma yenə də Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə tədarükü 16 milyard kubmetrədək çatdıranda bu dəhliz ölkəyə əlavə mənfəət gətirməklə yanaşı, onun Avropa bazarlarına təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq”.

Azərbaycan qazı Bolqarıstana doğru və ikitərəfli əməkdaşlığın uğurlu nəticələri

Daha bir uğurlu layihələrdən biri də Azərbaycan qazının Bolqarıstana nəqlidir. Məlumata görə, bunu nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə başlanması üçün hazırlıq işlərinin 80 faizdən çoxu başa çatıb.

Layihənin operatoru “ICGB AD” şirkətinin icraçı direktoru Teodora Georgiyevannın sözlərinə görə, layihə üzrə yekun investisiya qərarı 2015-ci ilin dekabrında qəbul edilmişdi: “Boru kəmərinin Bolqarıstan hissəsinin tikintisi üçün icazə alınıb. Yunanıstan hissəsinin tikintisinə icazə isə üçüncü tərəflərin boru kəmərinə çıxışı ilə bağlı müəyyən qaydaların qəbul olunmasından dərhal sonra alınacaq”.

Layihə rəhbəri qeyd edib ki, səhmdarlar və Avropa Komissiyası layihənin maliyyə modelini və biznes planını razılaşdırıblar: “Hazırda Bolqarıstanla Yunanıstan arasında 25 il müddətinə vergitutma məsələləri ilə əlaqədar hökumətlərarası sazişin hazırlanması üzrə danışıqlar aparılır”.

Onun sözlərinə görə, Avropa Komissiyasının rəqabət məsələləri üzrə baş direktorluğu dövlət yardımı barədə ilkin bildiriş prosedurunu başa çatdırıb.

Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Yeri gəlmişkən, onu da xatırladaq ki, cari ilin iyulun 11-də Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk ilə görüşüb.

Rəsmi mənbələr xəbər verir ki, Ziyafət Əsgərov bu cür görüşlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərin gücləndirilməsində önəmli rol oynayır. İqtisadi, ticarət, energetika, mədəni sahələrdə əməkdaşlığımız dinamik inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsini yüksəltmək üçün geniş imkanlar mövcuddur.
Ziyafət Əsgərov bildirib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində parlamentlərin rolu böyükdür. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının əməkdaşlığı təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, deputatlardan ibarət nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə gedən quruculuq işləri, müşahidə olunan yüksək tərəqqi ilə yanaşı, yerləşdiyimiz bölgənin təhlükəsizliyini təhdid altında saxlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması bizi çox narahat edir. Problemin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq qurumların qəbul etdiyi qərarlar mövcuddur. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxarılması qeyd olunur, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı dəstəklənir. Lakin təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfi bütün bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir.
Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk Azərbaycanda keçirdiyi görüşlər, aparılan müzakirələr barədə danışıb. O, ölkələrimiz arasında nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb.
Bildirilib ki, Bolqarıstan Azərbaycanla münasibətlərin inkişafına böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir. Qarşılıqlı faydalı əlaqələrin inkişafında qanunverici orqanlar arasında əməkdaşlıq xüsusi önəm daşıyır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi çox əhəmiyyətlidir.
Qonaq Dağlıq Qarabağ məsələsində Bolqarıstanın mövqeyinin dəyişməz olduğunu söyləyib. Ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib, bu istiqamətdə keçirilən yüksək səviyyəli görüşləri, aparılan danışıqları alqışladıqlarını deyib. Sonra iki ölkə arasında münasibətlərin genişləndirilməsi, əməkdaşlığın inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, ortada olan bütün bu faktlar həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, reallaşdırılan və qarşıda reallaşdırılacaq hər bir layihə, hər bir atılan addım bilavasitə Azərbaycanın həm siyasi, həm də iqtisadi qüdrətini daha da artırmaqda, nüfuzunu gücləndirməkdədir. Eyni zamanda, qarşılıqlı münasibətlərdən, etibarlı tərəfdaşlıqdan, eləcə də strateji əməkdaşlıqdan doğan bu kimi faktorlar ölkəmizə həm iqtisadi dividentlər gətirəcək, həm də digər sahələrdə davamlı uğurlar əldə etməyimizə münbit şərait yaradacaq. Söz yox ki, bütün bunlar bilavasitə Prezident İlham Əliyev strategiyasının ali və məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir.

Rövşən NURƏDDİNOĞLU