Böyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə opera oynanılacaq

10 Avqust 2018 09:21 (UTC+04:00)

Noyabrın 20-dən 24-dək Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın” operası oynanılacaq. SİA-nın məlumatına görə, səhnə əsərində noyabrın 20-də, 22-də və 24-də Tomskinin, habelə intermediyada Zlatoqorun partiyalarını Azərbaycanın Xalq Artisti Elçin Əzizov (bariton) ifa edəcək. Həmin günlərdə German obrazında isə Azərbaycanın Xalq Artisti Yusif Eyvazov (tenor) çıxış edəcək.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.