“Moody's”: Gələn il Azərbaycanda iqtisadi artım templəri sürətlənəcək

9 Avqust 2018 20:06 (UTC+04:00)

"Moody's" beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.

AZƏRTAC agentliyin hesabatına istinadla xəbər verir ki, ölkə iqtisadiyyatındakı bu ilin ilk 6 ayındakı göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərdə başlanılan və hazırda davam etdirilən islahatlar nəticələrini verməkdədir. Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb.

"Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur", - deyə hesabatda bildirilir.