Naxçıvana 6 ayda 196 minə yaxın turist gəlib

8 Avqust 2018 12:50 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 195 min 886 turist gəlib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən bildirilib ki, departament tərəfindən 2018-ci ilin iyul ayında turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb, reklam informasiya materiallarının hazırlanması və ekskursiya işi diqqətdə saxlanılıb, müxtəlif piyada marşrutları və səyahət paketlərinin hazırlanması istiqamətində iş aparılıb.

Təbliğat işində gənclərin fəallığının artırılması məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nin iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Naxçıvan Turizm İnformasiya Mərkəzinə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılıb, mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə mütəmadi məlumatlar və fotoşəkillər daxil edilib.