Dil milli kimliyimizdir

1 Avqust 2018 09:45 (UTC+04:00)

1 Avqust Azərbaycan Dili Günüdür

Dünya yarandığı ilkin dönəmlərdə insanlar bir-birinə fikirlərini işarələrlə, əl, göz və digər orqanların hərəkətləri ilə çatdırırdılar. Getdikcə bu işarə və hərəkətlər səslərlə, səslərin birləşməsindən yaranan sözlərlə əvəz olundu. Əsasını küləklərin vıyıltısından, yarpaqların xışıltısından, ləpələrin şırıltısından, daşların cingiltisindən, quşların, heyvanların səslərindən götürən bu anlaşma forması, zaman-zaman inkişaf etdi, mükəmməl ünsiyyət vasitəsinə çevrildi.

Dünyanın inkişafı, insanların qəbilələşməsi, icmaların formalaşması özü ilə bərabər bu ünsiyyət vasitəsini də fərqləndirdi, anlaşma forması müxtəlifləşdi. Beləcə bəşəriyyətin ən mühüm ünsiyyət vasitəsi olan dil də müxtəlifləşdi, hər tayfanın, hər icmanın, hər etnosun öz səsli ünsiyyət vasitəsi - dili yarandı, formalaşdı və inkişaf etdi. Dünya dilləri sırasında ən qədim, ən zəngin dillərdən biri, türk dilləri ailəsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan dili də min illər boyu formalaşdı, inkişaf etdi. Bugünkü zəngin, musiqili, təbiətdə mövcud olan bütün səslər dünyasını özündə əks etdirən Müasir Azərbaycan dili, məhz min illərin sınağından çıxmış, bu gün əlli milyondan çox insan toplumunun doğma ünsiyyət vasitəsinə çevrilmişdir. Təsadüfi deyil ki, dünyanın ən qədim yazılı abidələri, şifahi xalq ədəbiyyatı nümunələri içərisində Azərbaycan türkcəsində yaranmış əsərlər öncül yerlərdən birini tutur.

Keçmiş SSRİ-də, kommunist ideologiyasının tələbinə uyğun olaraq, dil haqqında danışarkən, ona üç sözdən ibarət tərif verilirdi: "Dil ünsiyyət vasitə-sidir!" Bu, qeyd etdiyimiz kimi, kommunist ideologiyasının qarşıya qoyduğu başlıca məqsədi - SSRİ-də yaşayan xalqların dillərini sıradan çıxarmaq, bütün xalqları vahid dildə - rus dilində danışmağa vadar etmək məqsədi daşıyırdı. Halbuki hər bir xalqın dili ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də həmin xalqın milli varlığının göstəricisidir. Bir az da dərinə getsək, dil hər bir xalqın milli kimliyidir, pasportudur!

Sadə bir misal: bu gün dünyada, demək olar ki, əksər millətlər özlərini sivilizasiyanın ən qədim xalqları kimi qələmə verirlər. Gəlin görək, hər hansı bir xalqın tarixini müəyyənləşdirmək üçün başlıca fakt kimi nəyi əsas götürürlər? Şübhəsiz, həmin xalqın dilində yazılmış müxtəlif dövrlərə və formasiyalara məxsus qədim yazıları! "Orxon-Yenisey", "Güntəkin" kimi qədim yazılı abidələr, Mahmud Kaşğarinin "Divanül-lüğətül-türk" kitabı, "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm söz - sənəti abidəsi və sonrakı dövrlərdə yazıb-yaradan şairlərin, yazıçıların əsərləri olmasa, Azərbaycan türklərinin qədim varlığını nə ilə sübut etmək olar? Maraqlı bir faktı qeyd etmək istəyirəm. Dünyanın ən inkişaf etmiş xalqlarının dilinin lüğət tərkibi min il ərzində əlli faizdən çox dəyişdiyi halda, bizim dilmizin lüğət tərkibi min ildə cəmi on faiz dəyişikliyə uğramışdır. Təkzibolunmaz bu fakt, onu deməyə əsas verir ki, xalqımız tarix boyu ana dilinə məhəbbətlə yanaşmış, mühafizəkarlıq nümayiş etdirərək, onun saflığını qorumuşdur. Baxmayaraq ki, xalqımız əsrlər boyu başqa xalqların - ərəblərin, farsların və rusların əsarəti altında yaşamaq məcburiyyətində qalmışdır. Bütün məşəqqətlərə baxmayaraq, Azərbaycan türkləri dilini, digər milli-mənəvi dəyərlərini qoruyaraq, bugünkü nəslə çatdırmışdır. Ulularımızın əzab-əziyyətlərə sinə gərib bu günə qədər yaşatdığı ana dilimizin varlığı, təəssüflə də olsa, qeyd etməliyik ki, indiki qloballaşan dünyada təhlükə ilə üz-üzədir.

Ola bilər ki, problemi bir qədər şişirdilmiş kimi düşünsün oxucu. Bəlkə də qarşılaşdığımız problemlər bir qədər kəskin ifadə işlətməyə səbəb olur. Ancaq bir həqiqətdir ki, əgər ziyalılarımız səsini qaldırmasa, dövlətin bu sahədə atdığı addımlara ciddi dəstək verilməsə, yaxın gələcəkdə belə bir problemin mövcudluğunu hər kəs hiss edəcək. Ulu Öndər Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik dövründə respublikaya rəhbərlik etdiyi zamanlarda ana dilinə, onun saflığının qorunmasına, inkişafına, işlənmə dairəsinin genişlənməsinə daim xüsusi önəm vermişdir. Bu yerdə Ulu Öndərin bir fikrini xatırlatmağı lazım bilirəm: "Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir".

Ulu Öndərin alternativsiz siyasi kursunun müdrik və yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzinda saxlayır. Ölkəyə rəhbərlik etdiyi on beş il ərzində (2003 - 2018) Azərbaycan dili ilə bağlı iki Sərəncam və dillə bağlı bütün sahələləri özündə ehtiva edən Dövlət Proqramı imzalaması Cənab Prezidentin ana dilinə nə qədər böyük önəm verdiyini göstərir. Ölkə başçısı 2015-ci ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindəki nitqində Azərbaycan dili ilə bağlı səsləndirdiyi tarixi əhəmiyyətli fikirlər isə, hesab edirik ki, hər bir azərbaycanlıya, xüsusilə, ziyalılara ünvanlanan ciddi mesajdır: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq və millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruyub, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün, bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir əlavə xarici kəlməyə ehtiyac yoxdur".

Ancaq təəssüflə qeyd etmək məcburiyyətindəyik ki, cəmiyyətin bütün təbəqələrində bu nümunənin şahidi olmuşuq ki, bu da həyacan təbili çalmağın vaxtı çatdığını deməyə əsas verir. Xüsusilə, dilin təbliğində, gənc nəslin ana dilinə münasibətinin formalaşmasında mühüm rol oynayan televiziya, radio proqramlarında, sosial şəbəkələrdə, film və seriallarda, reklam bazarında Azərbaycan dilinə, onun saflığına vurulan zərbələr, hesab edirik ki, hər bir ziyalını ciddi narahat etməlidir. Alqışa layiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu sahəyə xüsusi önəm verir və hər il dilimizin saflığının qorunması ilə bağlı səkkiz-on layihənin maliyyələşməsinə qərar verir. Ancaq yenə də təəssüf ki, bu layihələrin icrasının nəticəsi olaraq aşkar edilən qüsurlar, irəli sürülən təkliflər əksər qurumlar tərəfindən laqeydliklə qarşılanır və lazımi tədbirlərin görülməsi üçün hansısa ciddi addımlar atılmır. AMEA-nın Dilçilik İnstitutu istisna olmaqla, bu sahəyə cavabdeh olan digər dövlət və özəl qurumlar problemlərin həllinə lazımi diqqət göstərmirlər. Bu isə, hesab edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili kimi təsbit olunan Azərbaycan dilinə məsuliyyətsiz yanaşmanın təzahürüdür.

Televiziya proqramları və dilimiz

Müasir dövrdə televiziyasız ailə təsəvvür etmək mümkün deyil. Demək, hər bir ailədə böyüyən uşaq valideynləri ilə yanaşı, daim televiziya proqramlarındakı çıxışların təsiri altında böyüyür. Bu baxımdan, mənəvi tərbiyə məsələlərini bir yana qoysaq, uşaqların danışıq dilinin formalaşmasında ana və ata ilə yanaşı, televiziyalar da aparıcı rol oynayır. Sadə bir misal: hansı ailədə rus kanallarına daha çox baxılırsa, həmin ailədə böyüyən körpənin də dili rus dili üzərində formalaşır. Yaxud Türkiyə kanallarına daha çox baxan uşaqların dilində Anadolu türkcəsində olan ifadələrə meyil yaranır. Eynilə də Azərbaycan televiziyalarında aparıcıların çıxışları gənclərin nitqinin formalaşmasında mühüm rol oynayır. Ona görə də, televiziya kanalları bunu nəzərə almalı və yeni nəslin ana dilində təmiz nitqinin inkişafında üzərlərinə böyük məsuliyyət düşdüyünü anlamalıdırlar. Bu yerdə maraqlı bir faktı oxucuların diqqətinə çatdırmaq istəyirəm. Sovet dönəmində "Soyuz" adlı Ümumittifaq Radiostansiyası var idi. Kommunist rejimi ölkədəki xalqların dilinə guya hörmətlə yanaşıldığını göstərmək üçün belə bir radiostansiya yaratmışdı. 1960-70-ci illərdə həmin radiostansiyanın Azərbaycan bölməsində Azərbaycanın görkəmli qiraət ustası, diktor, respublikanın əməkdar artisti Aydın Qaradağlı çıxış edirdi. Həmin illərdə o zamankı Azərbaycan Televiziyasına Polşadan bir qadın məktub göndərir. Məktubun məzmunu, təxminən, belədir: "Mən Moskvada Lomonosov adına Universitetdə təhsil almışam. Tələbəlik illərində təsadüfən radioda eşitdiyim bir səs məni özünə cəlb etdi. Bu diktorun nə danışdığını anlamırdım, ancaq hər gün eyni vaxtda radionu açıb, bu səsə axıradək qulaq asırdım. Səsdəki ecazkarlıq və musiqililik məni heyrətə gətirirdi. Sonradan öyrəndim ki, bu, "Soyuz" Radiostansiyasında Azərbaycan bölməsinin diktoru Aydın Qaradağlı adlı şəxsdir. Mən universiteti bitirib Polşaya qayıdandan sonra bu səs üçün darıxmağa başladım. Ona görə də məktubla sizə müraciət etməyə qərar verdim. Xahiş edirəm, həmin şəxsin ifası olan bir kaset hazırlatdırıb, mənə göndərəsiniz". Dilimizi bilməyən bir polyak qızına, bəlkə də bir yox, minlərlə bu cür insanlara gözəl və səlis nitqi ilə Aydın Qaradağlı dilimizi necə sevdirib! Bu gün televiziyalarımızda Aydın Qaradağlı məktəbinin davamçıları olan diktorlarımız, aparıcılarımız, şərhçilərimiz olsa da, etiraf edək ki, bu məktəbin adına ləkə olan, Azərbaycan ədəbi dilinə hörmətsiz yanaşan, yaxud ədəbi dil normalarını öyrənməyə tənbəllik edən aparıcı, diktor və şərhçilər daha çoxdur. Görünür, bu da müstəqillik dövründə yaranmış demokratiya nəticəsində televiziya kanallarımızın sayının artması ilə bağlıdır. Televiziya rəhbərləri az-çox bəlağətli danışan hər kəsi bu mühüm sahəyə işə qəbul edir. Nəticə də göz qabağındadır. Başlıca səbəb isə, fikrimizcə, universitetlərin jurnalistika fakültələrində ayrıca telejurnalist ixtisasının olmaması və televiziya aparıcılığı üçün hələ təhsil dövründə bu sahədə istedadı olan gənclərin seçilib hazırlanmamasıdır. Digər səbəb taleyinə teleaparıcılıq kimi şərəfli bir peşənin daşıyıcısı olmaq düşən gənclərin səhlənkar, məsuliyyətsiz münasibətidir. Əgər bu gənclər yuxarıda dediklərimizi yaxşı anlasalar, özlərində məsuliyyət hiss eləsələr, daim ədəbi dil üzərində öyrənməyə can atsalar, belə olmaz. Nəhayət, bir səbəb də var ki, onu da vurğulamağı zəruri hesab edirəm. Televiziya rəhbərləri ilə söhbətlər zamanı deyirlər ki, bəzi proqram - layihələrin sponsorları (yəni himayədarları - T.N.) şərt qoyurlar ki, verilişin aparıcısı filankəs olsun. Kommersiya tələblərinə tabe olmaq məcburiyyətində qalan televiziya rəhbərləri də onların şərtləri ilə razılaşmaq məcburiyyətində qalırlar. Bu isə, sözün həqiqi mənasında, imkanlı şəxslər tərəfindən ədəbi dilimizə zərbə vurulması deməkdir. Mənə elə gəlir ki, bütün bu səbəblərin aradan qaldırılması mümkünsüz deyil. Azərbaycanın televiziya proqramlarının, təxminən üçdə birində, bir ay ərzində apardığımız müşahidə zamanı on mindən artıq dil qüsurunun aşkar edilməsinin başlıca səbəbləri, yumşaq desək, ana dilinə hörmətsiz yanaşmanın bariz nümunəsidir.

Hesab edirik ki, jurnalistika fakültələrində ayrıca teleaparıcılar hazırlanmalıdır. Onlara görkəmli dilçi alimlər, televiziya aparıcılığı sahəsində özünü təsdiq etmiş görkəmli teleaparıcılar xüsusi kurslar keçməlidir. Televiziyalarda bu şərəfli peşəyə yönələn həmin gənclər gündəlik olaraq üzərlərində işləməli, peşələrinin məsuliyyətini dərk etməlidirlər. Verilişlərin himayədarlarının aparıcılıq məsələsinə qarışmalarına imkan verilməməlidir. Bütün televiziyalarda Natəvan Hacıyeva, Ofeliya Sənani, Sabir Ələsgərov, Eldost Bayramlı, Əli Məhəmmədoğlu və adlarını çəkmədiyimiz digər görkəmli aparıcılardan, eyni zamanda, dilçi alimlərdən ibarət məsləhət və ya tövsiyə qurumları yaradılmalıdır. Onlar ən azı, həftədə bir dəfə gənc teleaparıcılarla söhbətlər aparmalı, konkret qüsurlarını nəzərlərinə çatdırmalı və onların aradan qaldırılması üçün tövsiyələrini bildirməlidirlər. Hesab edirəm ki, televiziya kanallarının hər birinin imkanı çatar ki, heç olmazsa, bir nəfər ya dilçi alim, yaxud adlarını çəkdiyimiz, özünü təsdiq etmiş, tanınmış teleaparıcılardan birini ştata götürüb, televiziyanın dili üzərində daimi mütəxəssis nəzarəti həyata keçirsin. Nəhayət, Azərbaycan Milli Teleradio Şurası səlahiyyətlərindən istifadə edib, aparıcıların ədəbi dil normalarına əməl etmələri üçün müvafiq tədbirlər görməlidir. Məncə, bu dediklərimiz həyata keçərsə, teleaparıcıların ədəbi dil normalarına riayət etmələrində ciddi irəliləyişə nail olmaq mümkündür.

Dilimiz reklamlarda ana dilinin təbliği sahəsində digər mühüm rol oynayan sahə reklam bazarıdır. "Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununda "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" ilə bağlı xüsusi maddə mövcuddur (Maddə7)". Bu maddədə reklamların verilməsi ilə bağlı tələblər də əksini tapmışdır: "Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir" (Maddə7.1.)".

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu"nun 4-cü maddəsinin 7-ci bəndində də qeyd olunur ki, reklamda "Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunu"nun müddəalarına riayət edilməlidir. Reklamların yayımı ilə əlaqədar qanunverici sənədlərdə qeyd olunan tələblərin yerinə yetirilməsi ilə bağlı müşahidələrin nəticəsi, təəssüf ki, qənaətbəxş deyil. Bakı və Sumqayıt şəhərlərində aparılan araşdırma nəticəsində təkcə bu iki şəhərdə reklam və ünvan lövhələrində on minə yaxın dil qüsuru aşkar edilmişdir ki, bu da, hesab edirik ki, həyəcan təbili çalmağa ciddi əsasdır. Televiziya, radio dalğalarında, eləcə də, internet portallarında nümayiş etdirilən reklam çarxlarında da vəziyyət dözülməzdir. Görünən odur ki, bu sahəyə cavabdeh olan səlahiyyət sahibləri ana dilimizin saflığının qorunması kimi taleyüklü məsələyə lazımi dərəcədə məsuliyyətlə yanaşmır və nəticədə həm yuxarıda adlarını qeyd etdiyimiz qanunların, həm də ölkə başçısının imzaladığı Dövlət Proqramının tələbləri kobud şəkildə pozulur.

Keçirilən monitorinqin nəticələrinin təhlili və mütəxəssislərin rəyləri nəzərə alınaraq, bu sahədə mövcud olan qüsurların və çatışmazlıqların aradan qaldırılması, reklam bazarında Azərbaycan ədəbi dil normalarına əməl olunması, bununla da, reklam bazarında dilimizin təmizliyinin qorunması məqsədilə təklif edirik:

-Reklam mətnlərində dilin bütün səviyyələri üzrə ədəbi dil normalarına ciddi şəkildə riayət olunmalı, orfoqrafiya qaydaları nəzərə alınmaqla yanaşı, leksik-üslubi və qrammatik normanın tələbləri də diqqət mərkəzində saxlanmalıdır;

-Monitorinqin nəticələrinə əsasən, başlıca problemlər reklam mətnlərinin tərcüməsi ilə bağlı olduğundan, bu sahəyə xüsusi diqqət yetirilməlidir;

-Reklam mətnlərində əcnəbi söz və ifadələrin işlənməsinin qarşısı alınmalı, buna yol verildikdə, "Reklam haqqında Azərbaycan Respublikası Qanunu"nun müvafiq müddəaları nəzərə alınmalı və cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunmalıdır;

-Bakı, Gəncə, Sumqayıt şəhərlərində reklam lövhələrində ədəbi dil normalarına əməl olunmasına nəzarət edən səlahiyyətli dövlət qurumları müəyyən edilməli və onların bu sahəyə nəzarət mexanizmi formalaşdırılmalıdır;

-Reklam agentliklərinin hazırladıqları reklam çarxlarında ədəbi dil normalarına əməl olunması ilə bağlı mövcud qanunlara uyğun müvafiq cəza tədbirlərinin görülməsi ilə bağlı konkret məsul qurumlar müəyyən edilməlidir. Film və seriallarda Azərbaycan dili, sirr deyil ki, bu gün incəsənətin ən geniş yayılmış qolu olan kino cəmiyyətin, xüsusilə, gənc nəslin formalaşmasında əhəmiyyətli rola malikdir. Xüsusilə, son dövrlərdə, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da istehsalı artan teleseriallar! Araşdırma zamanı aşkar edilən saysız-hesabsız dil qüsurları, bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğunu üzə çıxardı. Həm bədii filmlərdə, həm də teleseriallarda ədəbi dilin bütün normaları - fonetik, leksik və qrammatik normaları kobud şəkildə pozulur. 2000-ci ildən sonra istehsal olunmuş 46 bədii film, hər birindən 3 bölüm olmaqla 16 teleserial üzərində ekspertlər tərəfindən araşdırma aparılmış, nəticədə, gözlənildiyindən dəfələrlə çox - minlərlə dil qüsuru aşkar edilərək, qeydə alınmışdır. Aşkar edilən qüsurları, şərti olaraq, iki qrupa bölmək olar. Bunlardan birincisi və hər kəsi daha çox narahat edən əcnəbi sözlərdən istifadə, eləcə də, əcnəbi dildə danışıqların tərcüməsiz verilməsidir. Qəribədir ki, Azərbaycan dilində ata, ana, eynək, himayədar, dayanacaq, soyuducu, dondurma, ümumiyyətlə və s. kimi sözlər əvəzinə, papa, mama, açki, sponsor, astanovka, xaladennik, morojna, vapşe, obşim və s. əcnəbi sözlərdən istifadə olunur. Əlbəttə, filmdə xarakterin açılmasına xidmət edirsə, əcnəbi sözlərdən də istifadə etmək olar. Lakin indiki halda, bu sözlərdən istifadə olunması xarakterin açılmasına xidmət etmir. Həmçinin, qanunun tələbinə görə, hətta belə olduğu halda, həmin əcnəbi sözlərin tərcüməsi mütləqdir. Təəssüf ki, bu da yoxdur. Minlərlə əcnəbi, xüsusilə də, rus sözlərini filmlərdə yerli-yersiz ifadə edən aktyor və ya filmin ssenari müəllifi, rejissoru bunun gənc nəslə hansı dərəcədə təsir etdiyinin fərqindədirlərmi, görəsən?

İkinci qrup qüsurlar isə dilimizin fonetik, leksik və qrammatik baxımdan orfoepik tələblərinin pozulması ilə bağlıdır. Xüsusi olaraq, vurğulamağı zəruri saydığımız bir məqama diqqəti cəlb etmək istərdik. Nədənsə, film və serialların tam əksəriyyətində ismin yiyəlik, yönlük və təsirlik hal şəkilçiləri təhrif olunaraq, tələffüz edilir. Yəni -ya, -yə əvəzinə -va, -və; -nın, -nin,-nun, -nün əvəzinə -vın,-vin,-vun,-vün; - nı,-ni,-nu,-nü əvəzinə -vı,-vi,-vu,-vü kimi ifadə olunur ki, bu da dilimizin qrammatik qaydalarının kobud şəkildə pozulmasıdır. Bu fakt, həm də onunla bağlıdır ki, tarixən dilimizdə işlədilən və məhz qeyd olunan hallarda istifadə olunan, qədim yazılı abidələrdə də rastlaşdığımız "sağır N" kimi adlandırılan səsin və onun hərfi işarəsinin dilimizin fonetikasından çıxarılmışdır. Hesab edirik ki, dilimizin tarixiliyini və saflığını qorumaq baxımından, həmin səsin və onun hərfi işarəsinin yenidən əlifbaya qaytarılması haqqında düşünməyə ehtiyac var. Ümumiyyətlə, dilmizin həm fonetik, həm leksik, həm də qrammatik qaydaları ilə bağlı da xeyli sayda mübahisəli məqamlar var və dilçi-alimlərin bununla bağlı elmi əsaslara söykənən araşdırmalarına və konkret təkliflərinə ehtiyac var.

Bütün bunlara baxmayaraq, inanmaq istərdik ki, bədii film və teleserialların istehsalında, eləcə də, televiziya proqramlarında, reklam bazarında yol verilən dil qüsurlarının, nəhayət, dilçilik elmi ilə bağlı mübahisəli məqamların aradan qaldırılması Azərbaycan dilinin saflığının qorunması baxımından mühüm məsələ kimi əlaqədar qurumlar tərəfindən nəzərə alınacaq. Bunu bizdən həm milli mənafelərimiz, həm mövcud qanunlar, həm də Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin aprelində imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının müddəaları" tələb edir.

Təhmasib Novruzov