"Türkiyə-Azərbaycan mətbuatının əlaqələri çox önəmlidir" ÖZƏL-RƏYLƏR

23 İyul 2018 12:18 (UTC+04:00)

Türkiyəli jurnalistlər təəssüratlarını SİA ilə bölüşüblər

Xəbər verildiyi kimi, Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdə oldu. Onlar iki gün ərzində Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gəldilər, jurnalistikanın aktual problemlərinə dair məsələləri müzakirə etdilər. Xarici jurnalistlər öz təəssüratlarını SİA bölüşüb:

Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan: “Anadolu Yayınçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx çalışacağıq. Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. Türkiyədə Azərbaycanı kimdən soruşsan, böyük bir sevgi ilə danışacaq. 15 iyul gecəsi xain FETÖ-çular bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Mətbuat Günü münasibəti ilə hamınızı təbrik edirəm”.

Türkiyənin “Akşam” qəzetinin yazarı Emin Pazarcı: “Türkiyənin “Akşam” qəzeti beynəlxalq sferanı əhatə edir. Mən bu qəzetinin Ankara təmsilçisi və yazarıyam. Bakıda keçirilən Beynəlxal Media Forumu çox əhəmiyyətlidir. Ötən ilin iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd həm Türkiyə, həm də Azərbaycan üçün bir sınaq idi. Bu hadisələrin arxasında beynəlxalq güclər dayanırdı. Heç şübhəsiz ki, Azərbaycanın yaşadığı Dağlıq Qarabağ probleminin arxasında da imperial güclər dayanır. Türkiyə-Azərbaycan qardaşlığı çox önəmlidir. Hələ də xatırlayıram ki, Azərbaycan müstəqilliyinə qovuşduğu zaman Sovetlər birliyi tərəfindən böyük basqılara məruz qalmışdı. Azərbaycan o dövrdə Türkiyənin yardımına ehtiyac duyurdu. Amma bu gün Azərbaycan dövləti o qədər inkişaf edib ki, ölkəniz bəzi məqamlarda Türkiyəyə yardım edir. Bu qardaşlıq, qarşılıqlı münasibətlər hər iki ölkənin dünya siyasətindəki gücünü artıracaq.

Ümumiyyətlə, Türkiyə-Azərbaycan mətbuatının əlaqələri hazırkı dönəmdə çox önəmlidir. Bu gün hər iki ölkənin qardaşlıqdan strateji ortaqlığa bir yol uzanır. Strateji ortaqlığı hər kəslə aparmaq olar. Amma qardaşlığın daxilində strateji ortaqlıq ola bilməz. Qardaşlıq tamam fərqlidir. Hətta dost və qardaşlıq tamam başqa şeylərdir”.

"Ülke TV"nin baş redaktoru və "Yeni Şafak" qəzetinin köşə yazarı Hasan Öztürk: “Ümumiyyətlə ,Türkiyə-Azərbaycan əlaqələri 100 illik bir tarixə söykənir. Amma Türkiyə dövləti zaman-zaman sıxıntılı bir zaman yaşadı. Xüsusilə ötən ilin iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin qarşısının alınması həm Türkiyə, həm də Azərbaycan əlaqələrini daha da inkişaf etdirmişdir. Türkiyədə FETÖ-çulara qarşı mübarizə eyni zamanda qardaş ölkədə də həyata keçirildi. O gündən bu günə kimi hər iki ölkənin sıx şəkildə inkişaf etməsi Türkiyə-Azərbaycan əlaqələrinin daha da güclənməsinə səbəb oldu.

Son bir neçə ildə Türkiyə ilə Azərbaycan arasında mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri iki qardaş ölkənin gücünə əlavə bir güc qatıb. Biz həmçinin Azərbaycandan İstanbula, Antalyaya, Ankaraya, İzmirə gedən insanların sayının artdığını görürük. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmadan Türkiyə-Ermənistan əlaqələri də normallaşmayacaq. Bunu bütün sahələrin nümayəndələri, eləcə də qəzetçilərimiz, yazarlarımız söyləyir. Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yüksələn templə inkişaf edəcək. Biz Azərbaycanı çox sevirik”.

Çay TV-nin genel yayın yönetmeni Hasan Yavuz Baxır: “Bu gün Türkiyə-Azərbaycan mətbuatının inkişafı istiqamətində görülən bütün işləri yüksək qiymətləndirirəm. Biz Azərbaycanlı qəzet yazarları ilə Türkiyədə bir sıra şəhərlərdə (Ankara, İstanbul, Rizədə və s.) simpoziumlar təşkil etmişdik. Bu səfər də qardaş ölkəyə getmək barəsində düşüncədə idik. Bakını gördüm çox sevindim. Mən ilk dəfə Bakıda 1997-ci ildə olmuşam. Şəhəriniz inanılmaz sürətdə dəyişib. Bakının ecazkar görünüşü bizdə keyf yaşatdı. Biz hər iki ölkənin jurnalistlərinin bir arada olmasını vacib sayırıq. Əgər bizlər işimizi düzgün aparsaq, bu iş birliyimizi gücləndirsək daha geniş coğrafiyada güclü dayana bilərik. Beləcə yalan, iftira dolu məlumatları aradan çıxara bilərik. Bu gün lobbi fəaliyyətinə qarşı medianın üzərinə böyük yük düşür”.