Deputat: "Azərbaycan Fransada etibarlı tərəfdaş kimi tanınır" ÖZƏL-AÇIQLAMA

23 İyul 2018 12:03 (UTC+04:00)

“Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycan-Fransa və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Səfərin ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, səfər eyni zamanda Azərbaycan-Fransa arasında ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişinə yeni imkanlar açacaq: “Bildiyiniz kimi, Azərbaycan-Fransa ikitərəfli münasibətləri və bu çərçivədə iqtisadi sahədə olan əməkdaşlığın inkişafı prioritet məsələlərdəndir. Fransanın bir neçə şirkəti Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var. Ümumiyyətlə, Azərbaycan dünyada, Avropa, o cümlədən Fransada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir”.

Səfər zamanı dövlət başçısının bir sıra Fransa şirkətlərinin rəhbərləri ilə görüşünü xatırladan A. Mollazadə qeyd edib ki, Azərbaycanla imzalanan sənədlər hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verəcək, mövcud olan əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək”.

Deputat əlavə edib ki, Fransanın ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkədən əsas gözləntisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllidir: “Azərbaycan Fransadan münaqişənin həlli istiqamətində hüququn aliliyinə dəstək olmasını gözləyir. Hesab edirəm ki, Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi bu məsələyə mümkün töhfələrini verəcək”.