Naxçıvanda fəaliyyət göstərən KİV əməkdaşları təltif olunub

21 İyul 2018 16:29 (UTC+04:00)

İyulun 21-də Ağbulaq İstirahət Mərkəzində 22 iyul - Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları ilə görüş olub, muxtar respublikada keçirilən tədbirlərin işıqlandırılmasında fəal iştirak edən gənc jurnalistlər təltif olunublar.

Tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirib ki, dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayib.

Azad Cabbarov deyib: Ölkəmizin ikinci dəfə müstəqillik qazanması mətbuatı da öz azadlığına qovuşdurub, Azərbaycan mətbuatının müstəqilliyimizin qazanılmasında və onun qorunub saxlanılmasında əvəzsiz xidmətləri olmuşdur. 22 iyul tarixi həm də ölkəmizin həyatında mühüm əhəmiyyətə malik olan, xalqın taleyini həll edən daha bir tarixi hadisənin–ümummilli lider Heydər Əliyevin siyasi ikinci dəfə hakimiyyətə qayıdışı günüdür. Belə ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasi hakimiyyətə qayıdış dövrüdür. Bu gün muxtar respublikada bütün sahələrdə inkişaf gedir, gənclərə qayğı xüsusilə diqqət mərkəzində saxlanılır.

Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Anar Babayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Nuhçıxan İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşıyev çıxış edərək 22 iyul – Milli Mətbuat Günü münasibətilə gənc əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlardan sonra Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifasında konsert proqramı olub.

Konsert proqramından sonra muxtar respublikada keçirilən tədbirlərin işıqlandırılmasında fəal iştirak edən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən plaketlərlə təltif olunublar. Təltif olunan gənclər onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Tədbir çay süfrəsi arxasında davam etdirilib.