BQİ: Türkiyə Avropanın ikinci ən böyük LNG idxalçısıdır

21 İyul 2018 15:47 (UTC+04:00)

2017-ci ildə Türkiyə Avropanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) idxalçısı olub. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) iyul ayında açıqladığı hesabatda deyilir.

Hesabata görə, Avropa ölkələri 2017-ci ildə ümumilikdə 47 milyon ton LNG idxal edib. İspaniya ildə 12,2 milyon ton LNG idxalı ilə Avropada lider ölkə olub. İspaniyada LNG-nin qəbulu üçün 7 terminal var.

Türkiyə keçən il 7,8 milyon ton LNG idxal edib. Fransanın LNG idxalı 6 milyon ton, Birləşmiş Krallığın idxalı isə 4,9 milyon ton təşkil edib.

Afrika və Yaxın Şərq ölkələri Avropanın əsas LNG təminatçısı olub.

Qeyd edək ki, Türkiyə ötən il Əlcəzairdən 3,45 milyon ton, Nigeriyadan 1,51 milyon ton, Qətərdən isə 1 milyon ton LNG idxal edib. Türkiyəyə LNG satan digər ölkələr isə Norveç, ABŞ, Trinidad və Tobaqo olub.

Türkiyə 2015-ci ildə Avropanın üçüncü ən böyük LNG idxalçısı olub. 2016-cı ildə isə qitənin mayeləşdirilmiş qaz idxalının dörddəbirini - ildə 5,6 milyon tonunu həyata keçirib.