Hikmət Babaoğlu: "Çap mediasının bağlanmasını iddia edən qrupun iddiası da milli maraqlarımıza uyğun deyil"

20 İyul 2018 16:47 (UTC+04:00)

Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırılmasının lazım olduğunu iddia etmək sağlam düşüncənin deyil, qərəzli və xəstə təxəyyülün məhsuludur. Hələ üstəlik bu iddianı özünü media ilə bağlı hesab edən bir qrup irəli sürürsə bu artıq milli -mətbu- dəyərlərimizə, bütövlükdə milli mətbuatımıza həqarətdir. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, inanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər: “O zaman ilkin qənaət belədir ki, ya bu qrupun media ilə heç bir əlaqəsi yoxdur, ya da media adı altında başqa məqsədlərlə fəaliyyət göstərirlər. Məqsəd isə olduqca qaranlıqdır. Çünki məsələni bu cür qoymaqla istənilən halda yalnız və yalnız Azərbaycanı qaralamaq mümkündür”.

“Fərz edək ki, bu “intellektuallar”ın dedikləri ciddiyə alındı və çap mediasının fəaliyyəti dayandırıldı. O zaman elə həmin qrup bütün dünyaya car çəkəcək ki, Azərbaycanda söz azadlığına zərbə vuruldu, mətbuat azadlığı məhdudlaşdırıldı, 143 illik ənənəsi olan çap mediasının fəaliyyətinə bu hakimiyyət son qoydu.Yox əgər mətbuat indiki kimi Azərbaycan dövlətinin himayəsi və qayğısı altında fəaliyyət göstərəcəksə, bu belə də olacaq, onda da yenə bəzi məcarapərəstlərə cazibədar görünən belə manipuliyasiyalarla bir müddət siyasi gündəmi şantaj etmək mümkün olacaq. Bunların heç biri isə hazırki mürəkkəb tarixi mərhələdə milli maraqlarımıza uyğun deyil. Onda məntiqi nəticə də budur ki, çap mediasının bağlanmasını iddia edən qrupun iddiası da milli maraqlarımıza uyğun deyil. Yaxşı görəsən bəs kimin maraqlarına uyğundur? Əlbəttə bizim milli maraqlarımıza uyğun olmayan mütləq kiminsə milli maraqlarına uyğundur və bunu hamı dərk edir ki, bizimlə maraqları toqquşanlar kimlərdir. Onda tərəddüd etmədən belə ümumi qənaət ifadə etmək mümkündür ki, özünü media qrupu adlandıranların belə yersiz açıqlaması onun özünün nəyə xidmət etdiyini göstərməklə həmin qrupun özünüifşasına çevrildi. Azərbaycan çap mediası isə əlbəttə də hələ uzun illər fəaliyyət göstərməklə milli mətbuatımızın tarixi missiyası və ənənlərini yaşadacaq.Yeni media hesab etdiyimiz, internet media üçün kadr bazası kimi çıxış edəcək, milli dövlətimizin maraqlarını təmin etmək üçün informasiya savaşında daima öz dövlətini yanında olacaq və Prezident İlham Əliyevin diqqət və qayğısına layiq olmağa çalışacaq. Bu gün çap mediası yüzlərlə qələm adamı üçün iş yeridir, təcrübə yeridir, daha qlobal informasiya məkanında fəaliyyət göstərmək üçün olduqca gərəkli hazırlıq platformasıdır. Azərbaycan dilinin bütün gözəl xüsusuyyətlərini, incəliklərini, siyasi publisistikamızı yaşadan, inkişaf etdirən, dilimizin keşiyində duran intellektual qaladır. Bunu yıxmağa cəhd etmək sadəcə siyasi məcarapərəstlikdir” deyə, millət vəkili əlavə edib.