Dövlət Komitəsində görüş keçirilib FOTOLAR

20 İyul 2018 15:19 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu gün Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, pastor Qorthart Günter Valter ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı Dövlət Komitəsi sədrinin müavini milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə tolerantlığı ilə nümunəvi olan Azərbaycanın multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Səyavuş Heydərov vurğulayıb ki, dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, antisemitizm kimi halların artdığı bir zamanda dövlət xüsusi tarixi, mənəvi əhəmiyyəti olan müxtəlif dini ibadətgahların bərpasına və inşasına diqqət ayırır. Dövlət-din münasibətləri istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir, mütəmadi olaraq maliyyə yardımı ayrılır.

Qorthart Günter Valter ölkəmizdə olduğu müddətdə tolerant mühitin əyani şahidi olduğunu, eyni zamanda Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin bu gün bütün dünyada örnək olaraq qəbul edilməsinin təsadüfi olmadığını vurğulayıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri icmaya göstərilən qayğıya, problemlərinin həllində göstərilən dəstəyə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.