Baş redaktorlar “Media Klubu”nun iddiasına cavab verdilər MÜNASİBƏTLƏR

20 İyul 2018 14:56 (UTC+04:00)

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Amma təəssüf ki, "Media Klubu" adlı qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər. SİA-nın əməkdaşı media nümayəndələrinin də münasibətini öyrənib.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Bütövlükdə, medianın təəssübünü çəkən, media haqqında danışan insanlar heç vaxt çap mediasının bağlanması məsələsini gündəmə gətirmək və hətta bu problem olsa da belə, buna çevirməməlidirlər. Çünki çap mediası ənənəvi medianın, klassik medianın təməlini təşkil edir. Ənənəvi media məqsədli bir yoldur, hər bir jurnalistin keçəcəyi və formalaşacağı böyük bir universitetdir. Ona görə də bu kimi məsələlərə korporativ müstəvisindən yanaşılması təəssüf doğurur. Əvvəla, uğursuz adamların özləri hər şeyi uğursuz görürlər. Çünki bu adamlar hazırkı dövrə qədər göstərdikləri fəaliyyətlərini faktiki olaraq, heç bir müstəvidə təsdiq etməyi bacarmayıblar. Yəni özləri faktiki olaraq, proseslərdən kənarda qalıblar və hal-hazırda onların Azərbaycanın ictimai rəyində təsir etmək imkanları yoxdur. Birinci növbədə onlar öz fəaliyyətlərini nəzərdən keçirsinlər və nəzərə alsınlar ki, haradan-haraya gəliblər, düşdükləri hazırkı acınacaqlı durumun səbəbləri nədən ibarətdir.

Digər bir amil, dövlət ənənəvi mediaya dəstək verir və dünyanın hər yerində belədir. Əgər Azərbaycan dövləti çap mediasının qorunması istiqamətində də fəaliyyət göstərirsə, onu dəstəkləyirsə, müdafiə edirsə, buna yalnız sevinmək lazımdır. Onların da həmkarları hesab edilən jurnalistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması istiqamətdə dövlət addımlar atırsa, bu, ancaq alqışlamalıdır. Yəni sağlam, normal düşüncəli adam, mənim qənaətimcə, məhz belə düşünür. Bir qrup adamlar ki, öz korporativ, şəxsi maraqlarını güdürlərsə, Azərbaycanın dövlətçilik maraqlarına, ictimai maraqlarına, ümumiyyətlə hər şeyə, hətta mediaya zərbə vurmağa, onun adına ləkə vurmağa çalışırlarsa, onlar bütün bunları dərk edə bilmək gücündə, bacarığında, imkanlarında deyillər. Necə olur ki, bu insanlar uzun illər boyu uğursuz klubda - əslində adını da düzgün qoyublar və bir klubdan o tərəfə gedən də deyillər və xarici donor təşkilatlardan 100 minlərlə, hətta milyonlarla dollar məbləğində vəsaitlər alıblar. Çox maraqlıdır, bu vəsaitlər hara gedib, hansı məqsədlərə xərclənib? Niyə bu vəsaitlərin müqabilində onlar ortaya bir iş qoymağı bacarmayıblar? Necə olur ki, Sorosun ayırdığı vəsaitlər şirin olur, yaxşı olur, ancaq Azərbaycan dövləti həmin vəsaitləri ayıranda, özü də milli mətbuatımızın 143-cü ildönümü ərəfəsində “neqativ amillər” ortaya çıxır? Bütün bunlardan fərqli olaraq, Azərbaycan dövləti eyni zamanda sosial dövlətdir və öz vətəndaşını qoruyur, onun mediasını qoruyur, onu kənar təsirlərdən xilas edir. Düşünürəm ki, Soros Fondu kimi təşkilatlardan yararlanan insanlardan fərqli mövqe gözləməyə dəyməz, ona görə də belələrinin hər hansı bir iddiaları ətrafında danışmağa da ehtiyac yoxdur. Onlar sözügedən fəaliyyətləri ilə özlərini ifşa etmiş adamlardır.

“Paralel” qəzetinin baş redakatoru Tapdıq Abbas:

- Azərbaycan dövləti hər zaman mediaya öz diqqət və qayğısını göstərib və bu faktor ənənə şəklini alıb. Dövlətin ayırdığı vəsaitlər eyni zamanda çap mediasının inkişafı, ayaqda qalması üçün çox əhəmiyyətli rol oynayır. “Media Klubu” kimi bir qurumun bu və ya digər şəkildə bəlli iddialarla çıxış etmələri heç bir məntiqə sığmayan bir olaydır. Maraqlısı da budur ki, bu gün orada olanların özləri zamanında dövlətdən maliyyə yardımları alıblar. İndi necə olur ki, dövlətin ölkə mətbuatına göstərdiyi ənənəvi qayğısı bunları narahat etməyə başlayıb? Hesab edirəm ki, Azərbaycan ictimai rəyi bu cür məsələləri ciddi qəbul etmir və tarixi mətbuatımıza, qəzetçiliyə qarşı çıxış edənlərin dediklərini hiddətlə qarşılayır. Bu klubun təmsilçilərinin müxtəlif xarici qurumlardan aldıqları maddi vəsaitlərin hara və necə xərclənməsi barədə heç nə danışmayanlar, dövlətin yazılı mediaya verdiyi dəstəyi baltalamaqla, düşmən dəyirmanına su tökməyə cəhd edirlər. Ancaq onlar aldıqları sifarişlərini heç vaxt yerinə yetirə bilməyəcəklər. Çünki Azərbaycan mediasının əhəmiyyətli hissəsi məhz dövlət maraqlarının yanındadır. Ona görə də belələri hər dəfə bənzər çıxışlar etdikləri zaman öz qaranlıq fəaliyyətlərini üzə çıxarmış olurlar.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

- Əslində, dövlətin mediaya, eləcə də çap mediasına ayırdığı növbəti maliyyə yardımı, eləcə də çap mediasının dayandırılması ətrafında edilən çağırışlar, ümumiyyətlə, klassik medianın ənənələrinə qarşı deyilən fikirləri əlbəttə ki, qəbul edilməz hesab edirəm. Yəni doğru yanaşma kimi qəbul etmirəm. Azərbaycan dünyanın kiçik bir hissəsidir və dünyada baş verən media prosesləri şübhəsiz ki, Azərbaycana da təsir edir. Dünyada bu gün klassik media, çap media dəyərləri qorunursa Azərbaycanda nəyə görə qorunmamalıdır?

İkinci bir tərəfdən, çap mediasının özəlliyi ondan ibarətdir ki, bu yeni, müasir medianın sütunudur. Bu sütunu götürmək ətrafında çağırışlar edənlər anlamalıdırlar ki, belə olarsa, ölkədə uğursuz bir media sistemi yaranar. Hər halda hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil, məqbul qarşılana bilməz, ümumiyyətlə, qəbulolunmazdır.

“Ekspress” qəzeti Qəzənfər Bayramov:

- Bu kimi iddiaların heç bir əsası yoxdur. Belə ki, bu gün “Media Klubu”nda olanlar da keçmişdə qalan insanlardır. Ümumiyyətlə, mən belə fikirləşirəm ki, dövlətin mediaya maddi dəstəyi, eləcə də çap mediasının mövcudluğu zəruridir və vacibdir. Çünki dövlət özü bu kimi medianın ayaqda qalmasına, inkişaf etməsində maraqlıdır. Çap mediası olmasa, digər media sahələri ayaqda dura bilməz. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev cənabları bu ənənəni yaradıb və davam etdirir.

Qarşı tərəfin iddiaları isə sanki Azərbaycan mediasının düşmənləridirlər, halbuki oradakılar da çap mediasından çıxmış insanlardırlar. Düşünürəm ki, onlar müəyyən sifarişlər əsasında suyu bulandırmağa çalışırlar və bulanıq suda kimlərinsə havası altında oynamaq istəyirlər. İllah da ki, Azərbaycan mətbuatının növbəti ildönümü ərəfəsində onların bu cəhdlərinin heç bir faydası yoxdur. Sağlam düşüncəli insanlar, oxucu kütləsi ümumiyyətlə, belə iddiaları ciddi olaraq qəbul etmir və etməyəcək.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz:

- Azərbaycan Prezidenti İlham Əliyevin qəzetlərə birdəfəlik yardımın ayrılması ilə bağlı imzaladığı sərəncama narazılıq edənlərə də vaxtilə yardım alıb və onlar gündəlik çıxan qəzetlərinin xərclərinin nə qədər olduğunu və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan ayrılan pulun qəzetlərin tam xərcini ödəmədiyini yaxşı bilirlər.

Gündəlik çıxan çap qəzetlərinin daim yenilənməyə, maddi-texniki bazalarının möhkəmləndirilməsinə ehtiyacı var. Bu baxımdan səslənən fikirlər "mənə çatmırsa, qoy bunun əleyhinə gedim" prinsipi ilə deyilməsini düzgün hesab etmirəm. Çünki həmin şəxslər də media işçiləridirlər. Düşünürəm ki, narazı olanların sırasında vaxtilə dövlət başçısının yardımını alanlar bu cür vasitələrlə gündəmdə qalmaq istəyirlər. Onlar özlərini “ədalətli” mövqe tutduqlarını göstərməyə çalışırlar.

Yay mövsümü olduğu üçün çap mediasının satışı faktiki olaraq 2 ay müddətində dayanır. Amma buna baxmayaraq, hər gün qəzetlər çap olunmalı, gündəmdə olmalıdırlar. Bu baxımdan Dövlət başçısı tərəfindən qəzetlərə yardımla bağlı sərəncamına narazılıq edənlərin mövqeyini haqsız hesab edirəm.

Rövşən NURƏDDİNOĞLU