Lənkəranda yarım ilin yekunları müzakirə edilib

19 İyul 2018 21:45 (UTC+04:00)

Bu gün Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda 2018-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib. SİA-nın məlumatına görə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iclası açaraq bildirib ki, cari ilin ilk yarısı əvvəlki illərdə olduğu kimi bir sıra uğurlarla başa çatıb. Bu dövrdə dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycanda bir çox sahələrdə, xüsusilə qeyri-neft sektorunda inkişaf tempi davam edib, nəzərdə tutulan proqram və layihələrin vaxtında icrası yerinə yetirilib. Makro-iqtisadi vəziyyət sabit olmaqla, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşıb. İcra başçısı bu dövrdə Azərbaycanın dünya aləmində nüfuzunun daha da artdığını bildirərək Bakının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini bu nüfuzun daha bir parlaq sübutu kimi dəyərləndirib.

İcra başçısı cənab Prezident İlham Əliyevin Lənkərana davamlı qayğısı sayəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində yeni nailiyyətlərin qazanıldığını, genişmiqyaslı quruculuq-abadlıq işlərinin, iri həcimli investisiya layihələrinin icra edildiyini qeyd edərək tədbir iştirakçılarının diqqətini birinci yarım ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nəticələrə yönəldib. Natiq birinci yarımildə rayonda ümumi məhsul buraxılışının 169.1 milyon manat təşkil etdiyini, sənayedə 16.2 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 4.8 faiz çox məhsul istehsal olunduğunu, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 5.6 faiz artdığını və ümumi həcmdə onun xüsusi çəkisinin 70.1 faiz olduğunu bildirib.

T.Qaraşov cənab Prezidentin təşəbbüsü ilə Lənkəranda tikilən Olimpiya İdman Kompleksini lənkəranlı gənclərə və idmançılara, turizmin inkişafına geniş imkanlar açacaq “İstisu istirahət və sağlamlıq mərkəzi”nin tikilməsini, çətin dağlıq ərazidən keçən Hirkan-Biləsər avtomobil yolunun yenidən qurulmasını, şəhərdə 4 çoxmənzilli yaşayış binasında təmir-bərpa işlərinin və 5 çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirilməsini dövlətin öz vətəndaşlarına sonsuz qayğısının parlaq nümayişi kimi vurğulayıb. İcra başçısı yeni tikiləcək xalça fabrikinin qadınlar üçün yeni iş yerlərinin açılmasında mühüm rol oynayacağını da qeyd edib.

Natiq eyni zamanda hesabat dövründə şəhərdaxili küçələrin təmiri və asfaltlanması sahəsində işlərin davam etdirildiyini, ümumilikdə şəhərdaxili küçələrə 4,5 km olmaqla 22 min 500 kvm sahəyə isti asfalt döşəndiyini, həmçinin rayonun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının yuyub sıradan çıxartdığı və şəhərdə qəzalı vəziyyətə düşmüş 2 körpünün yenidən tikilərək istifadəyə verildiyini də önə çəkib.

İcra başçısı şəhərdə, kənd və qəsəbələrdə məktəb, uşaq bağçası, xəstəxanaların və digər sosial yönümlü obyektlərin, yolların, körpülərin təmir və tikintisinin, elektrik təsərrüfatının yenidən qurulmasının, o cümlədən, aqrar sahədə çəltikçiliyin, sitrus meyvəçiliyinin, çayçılığın inkişafına dair qəbul edilmiş Dövlət Proqramlarının icrası ilə əlaqədar görülən mühüm işlərin, xüsusilə uzun illərdən sonra rayonda ilk dəfə barama yetişdirilməsinə başlanmasını və 3,7 ton yüksək keyfiyyətli barama məhsulunun tədarük edilməsini hesabat dövrünün uğurları kimi dəyərləndirib.

İclasda ŞİH başçısının birinci müаvini Möhübbət Babayev 2018-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Rayon Maliyyə İdarəsinin müdiri İqbal Rəcəbov, Rayon Kənd Təsərüfatı İdarəsinin rəisi Tofiq Rzayev və Yuxarı Xanbulançay Hidroqovşağı idarəsinin rəisi Allahyar Salayev çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər.

İclası yekunlaşdıran İcra başçısı Taleh Qaraşov görülmüş işlərin növbəti yarım ildə daha geniş vüsət alacağına əminliyini ifadə edərək, qarşıda duran vəzifələri uğurla icra etməkdən, mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu