Komitə jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı FOTOLAR

19 İyul 2018 17:45 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gün bir qrup jurnalist üçün "Qobu Park" yaşayış kompleksinə infotur təşkil edib. 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbirin məqsədi məcburi köçkünlərın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə KİV nümayəndələrinin ilk mənbədən daha dolğun məlumat əldə etməsinə imkan yaratmaq olub. SİA-nın verdiyi məlumata görə, Komitə sədri Rövşən Rzayev infotur iştirakçıları ilə görüşündə ölkəmizin bütün KİV işçilərini peşə bayramı münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb. O, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Jurnalistlər burada məcburi köçkün ailələrinin yerləşdirilməsi vəziyyəti və onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Sonra "Qobu Park" yaşayış kompleksinə gələn infotur iştirakçıları burada məcburi köçkün ailələrinin yerləşdirilməsi vəziyyəti və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Jurnalistlər kompleksin ərazisini gəzib, mənzillərə, infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbət ediblər.

Bildirilib ki, kompleksdə 1026 mənzil var, 200-ə yaxın məcburi köçkün ailəsi buraya yerləşdirilib, Bakının digər ərazilərindən də məcburi köçkünlərin kompleksə köçürülməsi nəzərdə tutulur.

Məcburi köçkünlər yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Onlar bildirib ki, kompleksdə yaşayış üçün bütün şərait yaradılıb. Sakinlər bu cür addımların nümunə olduğunu qeyd ediblər.

Dövlət Komitəsinin məsul işçiləri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarətdə saxlayır. Bu yaxınlarda istifadəyə verilmiş "Qobu Park" yaşayış kompleksi də məhz belə layihələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər.