Azərbaycan peşə təcrübəsini Türkiyədə gənclərə öyrədilir

19 İyul 2018 15:03 (UTC+04:00)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin məzunlarından biri Çinarə Rəhimova Türkiyənin Ankara şəhərində peşə reabilitasiyası dərnəyində müxtəlif ölkələrdən gəlmiş sağlamlıq imkanları məhdud gənclərə toxuculuq peşəsini öyrədir.

Naftalan şəhərindən gələrək Peşə Reabilitasiya Mərkəzində üç aylıq kurs müddətində toxuculuq peşəsinə yiyələnən Ç.Rəhimova Mərkəzdəki digər bir sıra gənclərlə bərabər “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində 15 gün müddətinə qardaş ölkədəki peşə reabilitasiyası dərnəyində təcrübə kursunda olub. Toxuculuq sahəsində bacarığı ilə diqqəti cəlb etdiyindən ona Avropa İttifaqının Avropa Könüllülük Proqramının “Əngəlsiz Gülümsə” layihəsi üzrə Ankara şəhərində təşkil olunan dərnəkdə könüllü əsasla öz peşəsini öyrətməsi təklif olunub.

Təklifi qəbul edən Ç.Rəhimova hazırda həmin dərnəkdə ayrı-ayrı ölkələrdən gəlmiş sağlamlıq imkanları məhdud gənclərə toxuculuq peşəsini öyrədir. Layihənin dəstəyi ilə o, bir il ərzində Türkiyədə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Peşə Reabilitasiya Mərkəzinin digər məzunu – mərkəzdə ağac üzərində oyma sənətini öyrənmiş Elvin Ələkbərov (Lənkəran) da “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində Türkiyədə peşə hazırlığı dərnəyində olarkən əl işləri böyük maraq doğurub. Bunun nəticəsində Antalya şəhərində “Əngəlsiz Gülümsə” layihəsi üzrə sağlamlıq imkanları məhdud gənclər üçün daha bir peşə dərnəyinin - ilk dəfə olaraq ağac üzərində oyma sənəti üzrə dərnəyin açılmasına qərar verilib və E.Ələkbərov cari ilin oktyabr ayından həmin dərnəkdə öz peşəsini öyrətməyə dəvət edilib.