Türkiyə kurortlarına uçuşlar çarter proqramı çərçivəsində baş tuta bilər AzTA

19 İyul 2018 13:36 (UTC+04:00)

Son zamanlar Azərbaycanın aşağıbüdcəli aviaşirkəti - “Buta Airways”in təyyarələri ilə Türkiyə kurortlarına sərnişin daşımaları ilə bağlı turizm şirkətlərinə müraciətlər daxil olur. Bu barədə Azərbaycan Turizm Assosiyasiyasının (AzTA) SİA-ya açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin təyyarələr “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) çarter proqramı çərçivəsində istismar oluna bilər. Hazırda AZAL "Boeing 787 Dreamliner", "Boeing 767", "Boeing 757", "Airbus A340", "Airbus A320" və "Airbus A319", onun törəmə strukturu olan "Buta Airways" isə "Embraer 190" və "Embraer 170" markalı müasir hava gəmilərindən istifadə edir.

Aviaşirkətlər bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər. “Buta Airways”in təyyarələrində ödənişsiz baqaj, əl yükü, isti yemək və s. daxil olmaqla, AZAL-ın standartlarına uyğun tam xidmət təqdim edilir.