Azərbaycan -Türkiyə dostluğu düşmənə gözdağıdır TƏHLİL

18 İyul 2018 17:07 (UTC+04:00)

İki dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf etdirilməsi bəzi ölkələri narahat edir. Türkiyədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini yenə də Azərbaycana etməsi "bir millət iki dövlət" prinsipinə yüksən dəyərin nümunəsi oldu. Dostluq və qardaşlıq prinsipinə sadiq qalan Prezident Rəcəb Tayyib Ərdoğanın bu addımı hər bir vətəndaşın sevincinə səbəb oldu. Onun gəlişi siyasi baxımdan dünya ölkələri üçün təəccüb doğurmasa da, işğalçı ölkə olan Ermənistanda ciddi narahatlıq yaratdı və baş naziri Paşinyanın kürkünə birə saldı. Eyni zamanda, N.Paşinyanın Bürussel səfərinin uğursuzluğa düçar olması Ermənistan hakimiyyətində ciddi çatların yaranmasına yol açıb. Artıq erməni cəmiyyətidə inqilab yolu ilə hakimiyyəti zəbt edən Paşinyana qarşı mənfi münasibət sərgiləməyə başlayıb. Rəcəb Tayyib Ərdoğan erməni rəhbərliyinə növbəti dəfə öz mesajını çatdırararaq, bildirib ki, Azərbaycanın torpaqları işğaldan azad edilməyincə, erməni ordusu geri çəkilməyənə qədər, sərhədlərin açlılması, iqdisadi əlaqələrin qurulması yönümündə danışıqlar aparılmayacaq. Türkiyə Prezidenti işğal altında olan Dağlıq Qarabağ məsələsi ilə bağlı Türkiyənin tutduğu prinsipial mövqeyinin dəyişməyəcəyini də bildirib. "Biz də Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə öz problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində təcili həlli ən böyük arzumuzdur" söyləməklə Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmazlığına, ən əsası, hər bir problemin ümumi problem kimi qəbul olunduğunu nümayiş etdirir. Rəcəb Tayyib Ərdoğan dəfələrlə siyasi iradə göstərərək Avropaya, ABŞ-a demokratik dəyərlərə söykənərək dost və qardaş Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu bir vaxta Ermənistan rəhbərliyinin hərbi baxımdan Avropadan kömək istəməsini absurd və gülünc bir addım olduğunu bildirmişdi.

"Bir millət - iki dövlət"

Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı onu da demişdir ki, biz Türkiyədə hər zaman "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qardaşlarımızın yanındayıq. Azərbaycanda da vəziyyət eynidir. Azərbaycanın dövlət başçısı İlham Əliyev iki ölkə arasında bütün sahələrdə geniş əlaqələrin yaradıldığını və bu əlaqələrin yüksələn xətlə inkişaf edcəyini bildirib. Dövlətimizin başçısı Rəcəb Tayyb Ərdoğanla Bakıda görüşdə demişdir: "Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib və beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik".

Prezident İlham Əliyev iqtisadi əlaqələrə toxunarkən, Azərbaycan Türkiyəyə 13,9 milyard dollar, Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib: "Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz, nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq".

Əlaqələrin genişlənməsi müəyyən dairələri narahat edir

Bu məqamda, onu qeyd etmək yerinə düşərdi ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi, iki ölkə arasında iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsi müəyyən dairələri narahat etdiyindən mütəmadi olaraq, münasibətlərin pozulmasına yönələn cəhdlərlə müşahidə olunur. Cəhdlər nəticəsiz olsa da, görünən odur ki, AŞPA-da, ATƏT-də və digər bu kimi beynəlxalq qrumlarda Azərbaycanla yanaşı, Türkiyəyə də hücumlar, təzyiqlər olunur, əldə olunan yüksək nailiyyətlərə kölgə salınmasına cəhdlər göstərilir. Amma fakt budur ki, bəzi xarici güc mərkəzlərindən dəstək alsa da, bu gun Ermənistan səfil və zəlil

durumdadır, ancaq Azərbaycan və Türkiyə güclüdür, birlikdə daha da güclüdürlər. Bu günlər Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və NATO arasında münasibətlərin daha da dərinləşməsinə xidmət etdi. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, Brüsseldə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi beynəlxalq qanuna istinadın nümunəsidir: "Paşinyanın danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Avropa İttifaqı öz bəyanatında açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir". "Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir". Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. A.Mollazadənin sözlərinə görə, Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin imzalanması hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir: "Bu sənəd bizim Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızın daha geniş və çoxşaxəli olması üçün zəmin yaradır".

Ermənistan iflasa məhkumdur

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanın növbəti diplomatik uğurudur: "Mən Azərbaycan və Ermənistan prezidentlərinin Brüsselə səfərini çox diqqətlə izlədim. Hətta Ermənistan mətbuatı da etiraf etdi ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri Ermənistan nümayəndə heyətinin Brüsselə səfərindən qat-qat sərfəli və əhəmiyyətli oldu. Bu əhəmiyyət nədən ibarətdir? Uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar gedirdi. Əvvəllər Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanarkən, ölkəmizin ərazi bütövlüyü məsələsi nəzərdə tutulmurdu". Onun sözlərinə görə, Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır: "Bu sazişdə Azərbaycanın ərazi bütövlüyü, birmənalı qaydada qeyd olundu. Bu, bizim üçün ən böyük uğurlardan biridir. Digər bir məqam isə, bundan əvvəl NATO-nun yekun sənədində Moldovanın və Gürcüstanın ərazi bütövlüyü məsələsindən söhbət gedirdi. Birmənalı şəkildə demək olar ki. Paşinyanın Brüssel səfəri onun diplomatik faciəsi kimi də qiymətləndirmək olar. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıdıb. Bunu artıq bir sıra tanınmış sitasi ekspertlər, eləcə də Ermənistan mətbuatının siyasi yazarları da şərhlərində və yazılarında etiraf edirlər. Bu baxımdan istisna edilmir ki, Sarkisyan hakimiyyətinin devrilərək, Paşinyanın iqtidara gəlməsinə dəstək olan xaricdəki erməni lobbisi ondan imtina etmək kursu seçəcəklər. Çünki lazımsız və nufuzsuz rəhbəri onların da işinə yaramır. Deməli, bu halda, Paşinyanı siyasi fəlakət gözləyir.

Zakir Rəhimli