Elxan Şahinoğlu: “Paşinyanın Sərkisyandan elə bir fərqi yoxdur” ÖZƏL

18 İyul 2018 15:21 (UTC+04:00)

“Ümumiyyətlə elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsin. NATO həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edir. Buna baxmayaraq, NATO birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni sözləri Avropa İttifaqına da şamil edə bilərik”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti 25 ildə beynəlxalq təşkilatların mövqeyinə təsir edə bilmədi: “Bu baxımdan qəbul edilən bütün sənədlər Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıyır. Ermənilərin qorxduğu da budur ki, Azərbaycan ona verilən bu hüquqdan istifadə edərək addım-addım işğala son qoyur və bu proses genişlənəcək. Bu məsələdə ermənilər haqlıdırlar. Bizə başqa alternativ qoymurlar. Ermənistanın baş naziri Nikol Paşinyan çox vurnuxur, ancaq hələ ki, onun Qarabağ məsələsində keçmiş prezident Serj Sərkisyandan elə bir fərqi yoxdur”.