"Azərbaycan mediası özünün yüksəliş dövrünü yaşayır" AÇIQLAMA-ÖZƏL

18 İyul 2018 09:59 (UTC+04:00)

Dövlət başçısının Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsait ayırması Prezident İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev uzun illərdir ki, müstəqil medianın inkişafına dəstək verir, kütləvi informasiya vasitələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılışdırılması məqsədilə müvafiq sərəncamlar imzalayıb: "Məhz bu tədbirlər sayəsində Azərbaycanın kütləvi informasiya vasitələrinə xarici faktorların təsiri minimuma endirilib. Azərbaycan mediası informasiya təhlükəsizliyimizə təhdid yarada biləcək çağırışlara qarşı səfərbər olub, jurnalsitlərin peşəkarlıq səviyyəsi kifayət qədər yüksəlib. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin medianın inkişafına konseptual və ardıcıl dəstəyi sayəsində mümkün olub".

E. Mirzəbəyli söyləyib ki, Azərbaycan mediası özünün yüksəliş dövrünü yaşayır və çox önəmli bir mərhələyə qədəm qoyub: "Bu isə ilk növbədə dövlətimizin informasiya siyasətinin nə qədər doğru və dəqiq şəkildə həyata keçirildiyinin göstəricidir".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.