"Azərbaycanın qüdrətindən qorxan Ermənistan təxribatlara əl atır" ŞƏRH-ÖZƏL

16 İyul 2018 14:00 (UTC+04:00)

“Ermənistanın məqsədi aranı qatıb, dünya ictimaiyyətinin fikrini yayındırmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durğunluğu öz xeyrinə çevirməkdən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan yaxşı anlayır ki, Azərbaycan hərbi cəhətdən çox qüdrətlidir və tarixin bir anı ölkəmiz dünya dövlətlərinin də dəstəyi ilə düşməni yerində oturda biləcək.

R.Məmmədov qeyd edib ki, Ermənistanın üzdə sülh tərəfdarı olub, sonradan təxribatlara əl atması onların Azərbaycanın qüdrətindən çəkindiyinin göstəricisidir: “Ermənistan Azərbaycandan qorxduğu üçün üzdə və arxada tamamilə bir-birinə zidd olan addımlar atır. Bildiyiniz kimi düşmən ölkədə yeni hakimiyyət dəyişikliyindən sonra Azərbaycan-Ermənistan arasında münaqişənin həllinə dair heç bir danışıq həyata keçirilməmişdi. Ermənistan xeyli müddət idi ki, danışıqlar masasına gəlmək istəmir, əsasız şərtlər irəli sürərək buna mane olmağa çalışırdı. Hər kəsə məlumdur ki, son XİN başçılarının görüşündə Ermənistanın masada əyləşməsi məhz Rusiyanın təzyiqi əsasında baş tutdu”.

Politoloq qeyd edib ki, düşmən ölkənin atdığı addımlar məsələnin hərbi yolla həllinə sürükləyir: “ Ermənistan problemi həll etmək iqtidarında deyil. Bu baxımdan müxtəlif pozuculuq əməlləri həyata keçirməklə xalqının gözünü yummağa çalışır. Ötən gün Qazax istiqamətində həyata keçirilən cəhd də buna hesablanan addımdır. Bu baxımdan düşünürəm ki, ordumuz münaqişənin həll etmək üçün inamlı hərəkət etməlidir”.

Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyində qeyri ardıcıllıq nümayiş etdirdiyini dilə gətirən politoloq əlavə edib ki, son vaxtlar Ermənistan Qərbə meylli olduğunu göstərsə də Qərb onu qəbul etməyəcək.

Xatırladaq ki, iyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb. İtkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.