Əli Həsənov: “Heç kim milli iradəyə qalib gələ bilməyib”

16 İyul 2018 12:23 (UTC+04:00)

Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib

2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində anım tədbiri təşkil edilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə iştirak edib.

Əvvəlcə 15 iyul hadisələrindən bəhs edən film göstərilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral anım mərasimində çıxış edərək deyib ki, iki il əvvəl iyulun 15-də türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya elan etdi. O vurğulayıb ki, 15 iyul günü milli dastanımızdır. Heç kim türk millətini zəncirlə bağlaya bilməz. Hər kəs bilsin ki, bu millət hər zaman dövlətinə, vətəninə sahib çıxacaq.

Səfir vurğulayıb ki, həmin gün plan quranlar İslam dinindən sui-istifadə etdilər. Azərbaycanda da İslam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu ünsürləri həmişə əzib yox edəcək gücdədir.

Prezidentin köməkçisi Əli Həsənov çıxışında bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox həyəcanla izlənildi. Biz Türkiyə hökumətinə dəstəyimizi göstərdik. “Bir millət, iki dövlət” kəlamı həmin günlərin sınağından şərəflə çıxdı. Biz sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik.

Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Prezidentin köməkçisi bildirib ki, Gəncə hadisələri dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib. Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar tarixdir.

Əli Həsənov Türkiyədəki hadisələrin 20 Yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkərək deyib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, iqtidar birlikdə olanda bu, mümkün deyil.