Ömrə naxış salan izlər

12 İyul 2018 22:37 (UTC+04:00)

Hər kəsin özündən biixtiyar olaraq, yaşadığı həyatın hökmünü verən zaman, onu nizamlayan və fərdlərin keyfiyyətlərinin üzə çıxarılmasında qərar verən illər və bu məsafədə istedad və zəhmətin fövqündə duran amillər, məhz varlıqların həyat naxışını salır. Neçə onillikləri yola salmış və ömrünün kamil bir zamanında hesabatını nizamlayan və bu yaşantılarının müqabilində özü-özünə məsuliyyətlə yanaşan Ofelya xanım Mürsəlovanın da həyat və fəaliyyəti zamanın ölçüsündə zəngin və maraqlı görünür. Zəkası, istedadı və məxsusi keyfiyyətləri ilə fərqlənən Ofelya xanım sağlam mənəvi ideyaları ilə fikirlərini ifadə edərək, insanları nəcib məqsədlərə yönəltmək üçün ziyalılıq mövqeyini hər zaman ortaya qoyub. Azərbaycan ziyalısına xas dəyərləri üzərində cəmləşdirən Ofelya xanım bu gün onilliklərin hesabatında Ofelya xanım şair, publisist və pedaqoq olaraq xarakteristikasını, cizgilərini tərcümeyi-halına həkk edir. Ziyalı ailəsində dünyaya göz açan Ofelya xanımın atası Mürsəl Nurulla oğlu Mürsəlov və anası Ceyran xanım Məcid qızı Böyük Vətən müharibəsinin iştirakçısı və veteranları olmuşlar.

Bir insan taleyinə naxış olan uğurları Ofelya xanım gənclik dövründə yaşıdlarından fərqlənən bir xanım olduğundan, hələ tələbə ikən göstərilən etimadın qarşısında həyat yoluna həkk etmişdir. Belə ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olan Ofelya xanım 1971-ci ildən respublika tələbələri adından 13-cü çağırış Azərbaycan Respublikasının ilk tələbə deputatı seçilmişdir. Bu etimad ona Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Tələbə ictimaiyyətini ətrafında birləşdirən, fikirləri ilə yaşıdlarının ictimai həyatına birbaşa müdaxilə edərək, onların həyat yoluna işıq salmağa cəhd göstərən Ofelya xanım potensialından yararlanaraq, yaşıdlarının sevimlisi olmuş, eləcə də, vətənpərvərlik hissləri ilə torpağına xidməti amal olaraq həyat yoluna vəsiqə etmişdir. Elmi potensialını artırmaq, Azərbaycan üçün gərəkli ziyalıya çevrilmək məqsədi ona 1976-cı ildə Stavropol vilayətinin Orconikidze (indiki Vladiqafqaz) şəhərində osetin, çeçen-inquş dilləri üzrə qiyabi aspiranturaya daxil olmağa sövq etmişdir. Təhsilini başa vuran Ofelya xanım 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika bölməsində baş müəllim vəzifəsinə təyin olunmuşdur. Elə həmin zamandan başlayaraq,

bu günə qədər 40 ildir ki, bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirir. Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə təhsil nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Onu da vurğulayaq ki, o, 1985-1989-cu illərdə Moskva Beynəlxalq Hüquq İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirmişdir.

Mənalı ömür yolu keçən Ofelya xanım çoxşaxəli həyat yolunda bir sıra kitabların müəllifi kimi də tanınıb. Pedaqoji fəaliyyətdə olduğu illərdə, o, bir çox elmi məqalələrin və tezislərin müəllifinə çevrilib. Dinin elmi fəlsəfəsini yaradıcılığında şərh edən və onun tərəflərinin izahına yaradıcı nöqteyi-nəzərdən yanaşan Ofelya xanımın "Qurani-Kərimdə Allahla insan münasibətləri", "Məhəmməd Peyğəmbərin kəlamları və insan ruhunun tərcüməsi" məqalələri, məhz bu mövzuda qələmə alınan nümunələrdir. Azərbaycanın ictimai-siyasi və mədəni həyatı onun yaradıcılıq yolundan kənar ötməmişdir. Belə ki, "Heydər Əliyev təhsil sahəsindəki islahatların banisidir", "Mir Cəlal Paşayev: görkəmli nasirin şəxsiyyətinə və yaradıcılığına tarixi və müasir baxış", "Unudulmaz alim Mir Cəlal Paşayev" və digər məqalələri Ofelya xanımın araşdırmaları, Azərbaycan tarixinə və ədəbiyyatına olan məhəbbətinin fövqündə qələmə alınmışdır. Daim axtarışda olan və zaman üçün aktual olan mövzulara müraciət edən Ofelya xanım "Heydər Əliyev fenomeni elmin inkişafında sönməz çıraqdır", "Mir Cəlal Paşayev: şəxsiyyətinə və yaradıcılığına tarixi və müasir baxış" tezisləri elmi konfransların materialları əsasında ərsəyə gəlmişdir. Bütün bunlarla yanaşı, onun elmi əsərləri də yaradıcılığını şaxələndirən amil olaraq diqqətini çəkir. Belə ki, "Qurani-Kərmdə əxlaq tərbiyəsi" "Qurani-Kərimdə elmi biliklərin mənimsənilməsi", "İnam tərbiyəsi haqqında", "Mir Cəlal Paşayev hekayələrində vətənpərvərlik motivləri", "Mir Cəlalın satirik və yumoristik hekayələrində gülüşün tərbiyəvi əhəmiyyəti" və onlarla belə elmi əsərləri pedaqoji tədqiqatların axtarış və tapıntıların müqabilində geniş oxucu kütləsinə təqdim edilmişdir. Bu nümunələrin hər birində Ofelya xanım insan düşüncəsinə təsir edən, onun daxili dünyasına nüfuz edən və cəmiyyətə sağlam ruhlu insanların tərbiyə olunmasına xidmət edən dəyərləri qabartmış və öz düşüncəsinin süzgəcindən keçirən hər bir ali hissələri bu və ya digər əsərlərində əsas xətt kimi təqdim etmişdir.

Onun yaradıcılığının bir qolunu poeziyası təşkil edir. Fikirlərini bədiiləşdirən, nəzmə köçürən Ofelya xanımın "Mənim ömür karvanım", "Allaha inanmaq lazımdır" kitablarından, məhz qapalı dünyasından soraqlar alırıq. Uşaq yaşlarından jurnal və qəzetlərində şeirləri ilə çıxış edən Ofelya xanım hələ tələbə ikən fəhlə yataqxanalarında əbədi-bədii gecələrdə şeirləri ilə insanların qəlb dünyasına nüfuz edə bilmişdir:

Ötüb keçən gəncliyi yada salma, ey könül,

Onsuz da olub keçən dönməyəcək geriyə.

Köçüm karvan yolunda bir az əylən, ey ömür,

Hardasan, ey qismətim? Qayıt, dönüm sevgiyə!..

Hər sətir ömürdən bir nişan və naxışdır. Sənət dünyası, sözünün gücü fikir və zəkasının qüdrəti tək meydana çıxır. Təxəyyülündə yaranan hikməti nəzmə köçürərək, təqdim etdiyi əsərlərdə oxuculara nəyə qadir olduğunu bir ziyalı kimi çatdıra bilir. Bu keyfiyyətlər onun gözəl əsərlər yazmasına səbəbdir. Daxili tələbat və istedadı ilə ədalət və vicdanın diqtəsinə, daxilindən gələn mənəvi səsə qulaq asaraq yazıb-yaradır. Həyat hadisələrinə, birmənalı olaraq yanaşır, böyük fikirləri ilə yaradıcılıq təxəyyülünə məxsus olan dəyərləri ortaya qoya bilir. Bu günə qədər onun çap olunan əsərləri zamanın insan təfəkkürünə diqtəsindən yaranıb. Onların hər birinin süjeti, məhz yaşanılan həyatın təsir gücündən qidalanıb. Səmimi qələmin vərəqlər üzərinə saldığı ştrixlər Ofelya xanımın sənət görüşlərinin məcmusudur. Yaradıcılığa gedən yollar, sənət meyarlarının özündə əxzi, axtarışlar, ədəbiyyata münasibətlər və s. bir ömrün yaşantılarını açıq-aydın şəkildə ortaya qoyur. İllərini hədər verməyən və Tanrının ona bəxş etdiyi ömrü yazıb-yaratmağa həsr edən Ofelya xanım zamanın diqtəsini tez həzm edib, onu süzgəcindən keçirərək, məzmun və ideya cəhətdən mükəmməl olan şeirlərə imza atmışdır. Düşüncəsindən süzülən fikirlər yaşadığımız aləmin ağlı- qaralı zolaqlarından soraq gətirir.

Şeirlərində müdrik hissləri, ali duyğuları dayanır Ofelya xanımın. Bu dəyərlərdə gözəllik anlayışını bəşər tarixinə həkk etmək dayanır. Müasir həyatımızda belə nəcib duyğulu insanların ömür payını Tanrı zamanın ixtiyarında əbədiləşdirir. Ofelya xanımın yaradıcılıq dünyasını zinətləndirən "Etiraf", "İstəmədən doğuluruq", "Vətən nəğməsi", "Şəhidlərə", "Şəhidlərin nəğməsi", "Dünya" və digər şeirlərində daxili dünyasının çırpıntıları və vətən sevgisi özünü büruzə verir:

Qəlbində səslənir hər zaman, hər an,

Könlümün vüqarı, vətən nəğməsi.

Döyünür eşqinlə ürək anbaan,

Yurdumun baharı vətən nəğməsi.

Mübariz ruhlu Ofelya xanım ictimi-siyasi hadisələrdə vətədaş mövqeyni ortaya qoyur. 1990-cı ildə 21 yanvar tarixində keçirilən Ali Sovetin sesiyasında iştirak edən ziyalı xanım elə həmin gün qələmə aldığı "Şəhidlərin məzarına" adlı şeirində vətənin istiqlalı və müstəqilliyi yolunda şəhid olmuş oğulların məğrurluğundan söz açaraq, qatil düşmənin cəzasız qalmayacağını diqqətə çəkir:

Biz dözürük əzabına zamanın

Yerdə qalmaz ah-naləsi insanın.

Tarixlərə yazılacaq adınız,

Haqq verəcək qatillərin fərmanın.

Zərnişan Əliyevanın "Ofelya dünyası, Ofelya fenomeni" kitabında onun tərcümeyi-halından səhifələr, həyata baxış və münasibəti, keçdiyi yolun eniş və yoxuşu diqqətə çəkilir. Bu kitabda ziyalıların Ofelya xanım haqqında söylədiyi fikirlərin cəmində psixoloq, təvazökar insan, istedadlı qələm sahibi və ən əsası isə gözəl psixoloq-pedaqoq olması diqqəti çəkir. Universitetin pedaqogika kafedrasının dosenti Bəxtiyar Borçalı "Mən Ofelya xanımı xarakterizə etməkdə acizəm. Ona görə ki, Ofelyanı səciyyələndirmək üçün gərək onun özü qədər insanları oxuya və duya biləsən. Ən azı güclü bir psixoloq ola biləsən" - yazaraq, onun istedadlı və poetik söz qüdrətinə malik olmasını qeyd edir. Cəsarətli, sözünün gücü, inamı, sadəliyi və paklığı ilə seçilən Ofelya xanım bir ömür yolunda portretinin yaradılmasına müvəffəq olmuş, şövqlə, böyük sevgi ilə xalqına bəxş etdiyi həyatın müdriklik, kamillik dövrünü yaşamaqda davam edir. 14 iyul tarixində yubileyini - yaşadığı onilliklərin baharını qeyd edəcək. Ofelya xanıma Tanrının bəxş etdiyi ömür karvanını beləcə mətanətlə və alnıaçıq davam etdirməsini arzulayırıq.

Nəzakət ƏLƏDDİNQIZI