“Azərenerji” enerji sisteminin dayanıqlığını təmin etmək üçün tədbirlər görür

12 İyul 2018 19:06 (UTC+04:00)

Enerji sisteminin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür. “Azərenerji” ASC-dən SİA-ya bildirilib ki, iyulun 12-də saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 kilometr məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi, eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 kilometr məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib. “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, “Azərbaycan” İES və Mingəçevir SES-i Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli 220 kilovoltluq Qəbələ, 220 kilovoltluq Ağsu və 330 kilovoltluq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.

Digər 500 kilovoltluq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayrılıb.

Yüksəkgərginlikli 220-500 kilovoltluq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izolyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izolyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümkünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır.

Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür.