Avropa İttifaqı avtomobillərə qoyulan rüsumu ləğv edəcək

12 İyul 2018 16:23 (UTC+04:00)

“Financial Times” nəşrinin yaydığı məlumata görə, Avropa İttifaqının (Aİ) səlahiyyətli məmurları ABŞ ilə total ticarət müharibəsinə yol verməmək üçün dünyadakı nəhəng ixracatçılar arasında avtomobillər üçün rüsumların ləğv edilməsi ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların aparılmasının mümkünlüyünü qiymətləndirirlər. Vergiler.az saytı bildirir ki, hazırda ilk variant Brüsseldə Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşə hazırlıq kontekstində nəzərdən keçirilir. Yüksək səviyyəli görüşün isə bu ay keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, keçən ay ABŞ Prezidenti Avropadan öz ölkəsinə idxal edilən avtomobillər üçün 20 faizlik rüsum tətbiq olunacağını bəyan edib.

Hazırda Aİ ölkələrinin müvafiq hökumət qurumlarında ABŞ, Cənubi Koreya, Yaponiya kimi nəhəng tədarükçü dövlətlərlə avtomobillər üçün idxalın ləğvinə dair ikitərəfli saziş imzalanmasının nə dərəcədə mümkün olması məsələsi araşdırılır. Bu cür yanaşma Prezident Donald Trampın ABŞ-ın avtomobil sənayesi sektoruna ədalətsiz yanaşılması barədə şikayəti nəticəsində yaranmış vəziyyəti həll edə, eləcə də avtomobil tədarük edilən digər ölkələr üçün ixrac xərclərini azaltmağa imkan yarada bilər.