Dağıdıcı müxalifət hakimiyyətə niyə “dəstək” verdi? TƏRS BAXIŞ

12 İyul 2018 15:48 (UTC+04:00)

...Və ya quyruq qapı arasında qalanda

Bəllidir ki, dağıdıcı müxalifət Gəncə olayları baş verər-verməz, sosial şəbəkələrdə edilən itaətsizlik çağırışlarına istər dolayı, istərsə də birbaşa yolla dəstək göstərdi. Daha doğrusu, bu dəstək hələ Mingəçevirdə baş verən qəzadan sonra başlamışdı və bu məsələdə daha çox canfəşanlıq edən tərəf AXCP və Müsavat partiyaları oldu. Lakin Azərbaycan ictimaiyyətinin bu hadisələri birmənalı olaraq, hiddətlə qarşılaması, təxribatları, terror hadisələrini lənətləməsi, ölkədə mövcud olan sabitliyə və dövlətçilik maraqlarına dəstək göstərməsi birdən-birə dağıdıcıların “siyasi baxışlarını” dəyişərək, onların “ümumxalq maraqlarından” çıxış etmələrinə səbəb oldu. Hətta iki-üç gündür ki, müxtəlif saytlarda “Müxalifətdən hakimiyyətə tam dəstək” sərlövhəli başlıqlarla informasiyalar verildi.

Dağıdıcı müxalifət “liderləri” yaxşı bilirlər ki, çoxluq onlar tərəfdə deyil

Söz yox ki, ənənəvi düşərgədə elə müxalifət partiyaları da mövcuddur ki, onlar bir neçə istinsa hallar olmaqla, öz fəaliyyətləri dövründə dövlətçilik prinsiplərinə xələl vura biləcək heç bir siyasi addımlara getməyiblər. Əlbəttə ki, AXCP, Müsavat kimi partiyalardan fərqli olaraq. Hətta yaxın tariximizə müraciət edərsək, görərik ki, 2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələrində, eləcə də həmin illərdən bu yana baş verən icazəsiz aksiya və mitinqlərdə, seçki dövrlərində qanunları pozan, ölkədə süni ajiotajlar yaradaraq, itaətsizliyə çağırışlar edən partiyalar əsas olaraq, cəbhəçilər və müsavatçılar olub.

Gəncə hadisəsi də necə deyərlər, cəbhəçilər və müsavatçılar üçün “göydəndüşmə” oldu və onlar ilk olaraq, sosial şəbəkələrdə, xüsusilə, xarici ölkələrdən idarə edilən internet resurslarında dövlətçilik əleyhinə çıxışlara başladılar. Ancaq sonradan, bu çıxışların onlara heç bir müsbət nəticə vermədiyini gördükdən, ictimaiyyətin, xalqın onlara heç bir dəstək göstərmədiyini anladıqdan sonra, ard-arda bəyanatlarla çıxış edərək, hakimiyyətin terror və təxribata qarşı apardığı qətiyyətli mübarizəsini guya ki, dəstəklədiklərini elan etdilər. Buna isə el arasında quyruğu qapı arasında qalmaq deyərlər. Çünki dağıdıcı müxalifət “liderləri” yaxşı bilirlər ki, çoxluq onlar tərəfdə deyil, dövlətin, Prezidentin tərəfindədir. Və əgər belə davam etsəydilər, əllərində qalan siyasi partiyalarını çox qısa zamanda itirə bilərdirlər. Ona görə də dərhal yüksək dərəcədə fırlanaraq, “hakimiyyətə dəstək” kontekstini ortaya qoymaq məcburiyyətində qaldılar. Ancaq nə xalqın, nə də xalqın birmənalı olaraq dəstəklədiyi hakimiyyətin belə ayağısürüşkən və dırnaqarası müxalifətin qondarma dəstəyinə heç bir ehtiyacı yoxdur. Buna 100 % əmin ola bilərlər...

Rövşən NURƏDDİNOĞLU