Azərbaycanın yeni tarixinin başlanğıcı – 14 iyul, 1969-cu il!

12 İyul 2018 14:05 (UTC+04:00)

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu var

1969 - cu il iyulun 14 - də Azərbaycanın yeni tarixinin başlanğıcının əsası qoyuldu. Həmin gün, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi və Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 49 il ötür. Bu illər ərzində ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində həyata keçirilən tədbirlər göz önündədir. Məhz 49 il əvvəl respublikamızda yeni inkişaf mərhələsinin əsası qoyuldu və iqtisadiyyatımız tənəzzüldən inkişafa doğru istiqamət götürdü. Belə ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu var. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Azərbaycanın dünyaya tanıdılması, nüfuzunun yüksəklərə qaldırılması və beynəlxalq aləmə inteqrasiyası ulu öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət 34 ilə yaxın bir dövrdə Azərbaycana rəhbərlik edib, 5 ildən artıq SSRİ kimi böyük bir dövlətin rəhbərlərindən biri olub.

Görkəmli dövlət və siyasi xadim Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk gündən qarşıya qoyduğu prioritet məsələ Azərbaycanın iqtisadiyyatını möhkəmləndirmək, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmaq, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumaq və inkişaf etdirmək olub. Ulu Öndərin bir - birinin ardınca həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər nəticəsində Sovet hakimiyyəti dövründə respublikamız keçmiş SSRİ-də bütün sahələrdə öncül yerlərdən birinə çıxıb. Sosial - iqtisadi və mədəni sahələrdə aparılan islahatlar və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynayıb.

Heydər Əliyev uzaqgörən, müdrik siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut edib. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, ümumilikdə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanıb. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, adət - ənənələrimizin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılıb. XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. Respublikanın rəhbəri kimi Heydər Əliyev ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. O, mahir siyasi xadim kimi milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu.

Heydər Əliyev şəxsiyyəti, onun idarəçilik istedadı ilə sıx bağlı idi. Ümumiyyətlə, 1970-1985-ci illər yeni Azərbaycan tarixinə quruculuq illəri kimi daxil oldu. Ölkə həyatında baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan köklü struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının yüksəlməsinə görə respublikamız İttifaq miqyasında böyük şöhrət qazanmışdı. Bu dövrdə respublika iqtisadiyyatında böyük bir canlanma baş verdi. Yüzlərlə zavod və fabriklər inşa edildi, yeni istehsalat sahələri yarandı. Neft və neft avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatları istehsalı üzrə Azərbaycan keçmiş SSRİ-də ön sıraya çıxdı.

Məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev ana dilinin inkişafını xüsusi diqqət mərkəzində saxladı, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət duyğusu və milli özünüdərk hissi gətirdi. O dövrdə keçmiş ittifaqın aparıcı elm və təhsil ocaqlarına göndərilən gənclərimiz zəruri ixtisaslara yiyələndi, güclü və zəngin milli kadr ordusu yaradıldı. Milli hərbi kadrların yetişdirilməsi üçün Azərbaycanda hərbi məktəblərin açılmasına nail oldu. Bu dövrdə əldə edilmiş nailiyyətlər gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurulması üçün əsaslı zəmin yaratdı.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olub, özü də sərt sovet rejimi dövründə. Heydər Əliyev dövlət dili sahəsindəki fəaliyyətinə - ana dilinin inkişafı, qorunub saxlanılması və dövlət dili səviyyəsinə qaldırılmasına ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlayıb.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, konfranslarda yüksək dövlət səviyyəsində aparılan müşavirələrdə, tədbirlərdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. Ulu öndər çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Bu Konstitusiyada isə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək var qüvvəsi ilə çalışdı və bütün çətinliklərə və maneələrə əzmlə sinə gərdi.

1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Kommunist Partiyasının tüğyan etdiyi bir vaxtda belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an ulu öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmadı, ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələdi. Heydər Əliyev Azərbaycan dövlət orqanlarında, ictimai orqanlarında, maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərirdi.

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutmasının əsası məhz Sovetlər Birliyi dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməyib. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyev çox qısa bir vaxtda idarəçilik və dövlətçilik məharəti nümayiş etdirərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə irəliləyişə nail olurdu. Bu, onun xarizmatik şəxsiyyəti və özünəməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı dövlət xadiminin fəaliyyəti təkcə Sovetlər İttifaqında deyil, hətta onun hüdudlarından kənarda da geniş əks-səda doğurmuşdu. Azərbaycana rəhbərlik etdiyi illər ərzində minilliklər boyu əldə edilməsi mümkün olmayan arzu və istəkləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub - yaratmaq amalı kömək etmişdi. Ulu Öndər Azərbaycanın inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün bütün imkanlardan istifadə etmişdi.

SSRİ - nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycan ilk illərdə anarxiya, xaos və tənəzzül içərisində boğulurdu. Ölkəmizin təbii sərvətlərinə göz dikmiş digər dövlətlər respublikamızda yaranmış anarxiya və özbaşınalıqdan istifadə edərək min hiylə və məkrə əl atır, Azərbaycanı öz maraqları çərçivəsində kiçik xanlıqlara parçalamaq istəyirdilər. Xalq yaranmış ağır vəziyyətdən çıxış yolunu ulu öndər Heydər Əliyevdə gördü və yenidən Azərbaycana rəhbərlik etmək üçün ondan təkidlə xahiş edildi. Ömrünün qalan hissəsini də xalqına, millətinə, Vətəninə həsr etməyə hazır olduğunu bəyan edən ulu öndər respublikaya rəhbərlik etməyə razılıq verdi. Bununla da xalqımız məhv olmaq təhlükəsindən xilas edildi və öz nicat yolunu tapdı. Müdrik şəxsiyyət Heydər Əliyev öz işıqlı əməlləri ilə müstəqilliyimizin bərpasında, möhkəmləndirilməsində, ölkəmizin dünya miqyasında tanınmasında müstəsna xidmətlər göstərmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur və bu siyasət respublikamızın uğurlu inkişafının əvəzsiz təminatıdır . Heydər Əliyev yenidən respublikamızda rəhbərliyə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda tarixin olduqca mürəkkəb məqamında qayıtmışdı. Yalnız siyasi müdrikliyi, polad iradəsi, dövləti idarəetmə bacarığı, istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etmiş, xalqı düşdüyü bəlalardan çıxarıb qoruya bilmişdi. Böyük Öndər müasir dünyanın ziddiyyətli reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə əlaqələrin qurulmasına, beləliklə də dünya dövlətlərinin diqqətini iqtisadi cəhətdən əlverişli olan Azərbaycana yönəltməyə nail olmuşdur. Onun hakimiyyətə gəlişi müstəqil respublikamızda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı”.

Ümummilli Liderin şəxsi təşəbbüsləri, gecəli-gündüzlü zəhməti sayəsində ölkədə demokratik islahatlara start verildi. Çünki bunlarsız dünyəvi, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildi.

Hazırda Azərbaycan dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşulub. Ölkəmizin dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi, reytinqinin artması və əlaqələrinin getdikcə genişləndirilməsi Heydər Əliyev siyasi xəttinin məntiqi nəticəsidir. Sevinirik və fəxr edirik ki, bu siyasi kursu Ulu Öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev kimi praqmatik düşüncəli, yüksək intellektual təfəkkürə malik uzaqgörən bir şəxsiyyət davam etdirir. Məhz dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan dünya birliyində sayılıb - seçilən, söz sahibi olan demokratik dövlətə çevrilib. Ölkəmiz dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın iqtisadi qüdrətinin sürətli artımının nəticəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin əziz xatirəsini qəlbində yaşadır və iftixarla deyir ki, bəli, Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı daim yaşayır və həyat durduqca yaşayacaqdır!

Muxtar NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini