"Azərbaycan polisini öldürmək Vətənə, millətə xəyanət deməkdir" EKSKLÜZİV

12 İyul 2018 13:28 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, 2018-ci il iyulun 10-da, saat 20:00 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə və radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. Hadisə nəticəsində iki polisimiz Vətən uğrunda şəhid olub.

Bəstəkar-müğənni Nazim Məmmədov Gəncədə təxribatçıların əli ilə yaşanmış hadisələrə münasibət bildirib. SİA-ya açıqlama verən ifaçı bu hadisələrin baş verməsində əli olanları pisləyib: "Cənab Prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan günü-gündən güclənərək, inkişaf edir və digər ölkələrə meydan oxuyur. Ucalan Vətənimizin paxıllığını çəkənlər çoxdur. Azərbaycanda xaos yaratmaq istəyən qüvvələr də kifayət qədərdir. Bu xaosa uyanlar cahil insanlardır ki, Gəncədə iğtişaş törətmək istədilər. Ayıq olub, lazımsız insanların təxribatına uymasaq, həmin kəsləri məyus etmiş olarıq. Onu da xüsusi ilə vurğulayım ki, iki polisimizin qəhrəmancasına şəhid olması məni çox üzdü. Azərbaycan polisini öldürmək öz Vətəninə, millətinə xəyanət etmək deməkdir. Allah şəhidlərimizə rəhmət eləsin! Arzu edərdim ki, Azərbaycan xalqı bir daha belə pis günlər yaşamasın".