Tərlan Əhmədov: “Anti-Azərbaycan qüvvələrin çirkin istəkləri heç vaxt baş tutmayacaq” - EKSKLÜZİV

12 İyul 2018 13:04 (UTC+04:00)

“Azərbaycan dövləti ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində dayanmadan çalışır. Dövlətimizə, xalqımıza qarşı törədilən terror hadisələri, ölkəmizin inkişafını istəməyən, xaos yaratmaq niyyətində olanların planlarıdır. Anti-Azərbaycan qüvvələrin çirkin istəkləri heç vaxt baş tutmayacaq”. Bunu SİA-ya açıqlamasında tanınmış futbol mütəxəssisi, “Neftçi” klubunun sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

O qeyd edib ki, Gəncədə baş vermiş hadisə Azərbaycanı istəməyən qüclərin xaincəsinə hazırladığı təxribatdır: “Gəncədə iki polis zabitinin qətlə yetirilməsi Azərbaycana qarşı yönəlmiş terrordur. İdmançılarımız dövlətimizə qarşı olan belə məkirli əməlləri pisləyir. Biz əminik ki, bu cinayətləri törədənlər öz layiqli cəzalarını çəkəcəklər”.

T.Əhmədov vurğulayıb ki, Azərbaycan idmançıları hər zaman dövlətimizin yanındadır və dövlətçiliyimiz yolunda mübarizə aparırlar: “Xalqımız, o cümlədən idmançılarımız cənab Prezidentin siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşib. Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Ölkəmizdə dini, irqi ayrı-seçkilik yoxdur. Burada mutikultural, tolerant mühit yaradılıb. Bütün bu və digər sahələrin inkişafı ölkəmizin bütün dünyada güclü dövlət kimi formalaşması və söz sahibinə çevrilməsinə gətirib çıxarıb”.