Paşinyan siyasi məzarını Brüsseldə qazdı

12 İyul 2018 12:14 (UTC+04:00)

Rusiyalı ekspert erməni hökumətinin rusofob olduğunu etiraf etdi

Nikol Paşinyanın Brüsselə NATO sammitinə etdiyi səfər ilk növbədə Rusiyanın ictimai-siyasi dairələrini qəzəbləndirib. Belə ki, KTMT üzvü olan Ermənistanın anidən öz istiqamətini Qərbə doğru yönləndirməsi əvvəl-axır rus siyasət maşınının qıcığına səbəb olacaqdı. Söz yox ki, belə də oldu. Məsələ ondadır ki, hazırda erməni mediasında Paşinyanın Brüssel səfərinin Rusiyaya xəyanət olmadığı iddia edilsə də, faktiki olaraq, həmin amil tam çılpaqlığı ilə özünü göstərməkdədir. Daha dəqiq desək, Ermənistanın mövcud hakimiyyətinə yaxın media qurumlarının sözügedən məsələdə bu və ya digər şəkildə müxtəlif bəhanələr gətirmələrinə rəğmən, reallıq onu göstərir ki, artıq Moskva İrəvanın nazı ilə çox oynamaq fikrində deyil, eyni zamanda Kremlin qisası ermənilərə baha başa gələ bilər. Xüsusilə, Qarabağ məsələsində erməni tərəfi ciddi fəsadlarla qarşı-qarşıya qalmağa daha çox yaxındır.

“Azərbaycanın Moskvadan dəstək alması üçün böyük şansları yaranıb”

Bu arada, Rusiyanın tanınmış politoloqları, ekspertləri də bu məsələ ətrafında Ermənistanın özünə siyasi məzar qazdığını bildirirlər. Məsələ ondadır ki, rus politoloqlar Bakının Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan ciddi dəstək alacağını proqnozlaşdırırlar. SİA xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən rusdilli saytların birinə açıqlama verən “Rusiya cənubunun analitikası” (Analitika yuqa Rossii”-red.) siyasi-ictimai qəzetinin baş redaktoru? tanınmış konfliktoloq Yevgeni Mixaylov danışıb.

“Mənim fikrimcə, sözdə dost Ermənistandan fərqli olaraq, Azərbaycanın Moskvadan dəstək alması üçün böyük şansları yaranıb”-deyə qeyd edən rusiyalı baş redaktor Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarovla Zoqrab Mnasakyanın görüşünü şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər uzanıb və dünya ictimaiyyəti problemin sülh yolu ilə həllində qarant olaraq, bu məsələdə müəyyən edilmiş, müsbət nəticələr əldə etməlidir.

“Bakı qarantların fikirlərinə hörmət edir, lakin bu səbrin sonu da ola bilər”

Yevgeni Mixaylova görə, Azərbaycanın qətiyyətli mövqeyi diqqətəlayiqdir: “Azərbaycan Ermənistandan fərqli olaraq özünü daha diplomatik və səbirli aparır, hansı ki, bu məsələni kimsənin qərarından asılı olmayaraq, hərbi yolla həll edə bilərdi. Bakı qarantların fikirlərinə hörmət edir, lakin bu səbrin sonu da ola bilər. Bunu hər kəs başa düşür, o cümlədən Rusiya da”.

Yeri gəlmişkən, onu da qeyd edə bilərik ki, Nikol Paşinyanın “məxməri inqilab” zamanı Rusiyaya qarşı aqressiv davranışları son dövrlər azalıb.

“Paşinyan hökuməti Rusiyaya və rusa aid olan hər şeyə açıq-aşkar nifrət edən insanları yüksək vəzifələrə təyin edir”

Lakin Rusiya tərəfi bunu siyasi bicliyin tərkib hissəsi olaraq görür və yaxşı anlayır ki, gec, ya da tez Paşinyan Rusiyadan imtina edəcək. Məhz bu baxımdan, rusiyalı baş redaktor bildirib: “Moskva yaxşı bilir ki, Paşinyan hazırda Rusiyaya qarşı aqressiv siyasət aparmasa da, onun atdığı bütün addımlar Ermənistanın rusofob siyasətinə doğru istiqamət götürüb. NATO ilə əməkdaşlıq ətrafında başladılan danışıqlar, Gümrüdəki hərbi bazanın ölkədən çıxarılmasına yönəlmiş davamlı mitinqlər Şimalı daha çox qayğılandırmağa başladıb. Bundan əlavə, Paşinyan hökuməti Rusiyaya və rusa aid olan hər şeyə açıq-aşkar nifrət edən insanları yüksək vəzifələrə təyin edir. İstər kiril əlifbasına qarşı açıq çıxışlar edən təhsil naziri olsun, istər vaxtilə Rusiya səfirliyini yumurta atəşinə tutmuş və hazırda dövlət nəzarəti rəhbəri vəzifəsini tutan şəxs olsun”.

Beləliklə, ekspertin sözlərinə görə, məhz bu kimi faktlar yaxın gələcəkdə Moskva ilə Bakı arasındakı münasibətləri daha da istiləşdirə bilər.

“Azərbaycan dünya arenasında Rusiyanın mövqeyinə dəstək verir”

Rusiyalı baş redaktor son olaraq bir neçə faktlara toxunaraq, əslində “məxməri inqilabların” hansı fəsadlar törətməsinə də diqqət çəkib. “Ermənistan Kremllə münasibətdə daha da uzaqlaşır və unudur ki, “məxməri inqilablar” Ukraynada, Yaxın Şərq ölkələrində hansı problemlərin yaranmasına səbəb olmaqdadır”-deyə qeyd edən Mixaylov həminin vurğulayıb ki, bütün bunların qarşısında Azərbaycan stabildir və bütün fəaliyyəti ilə dünya arenasındakı müxtəlif məsələlər baxımından Rusiyanın mövqeyinə dəstək verir. Bütün bunlar isə mühüm faktorlardır və gec, ya da tez işğal olunmuş ərazilərinin tarixi bərpasına doğru istiqamət alıb”.

Rövşən NURƏDDİNOĞLU