Asim Mollazadə: “Gəncədəki hadisələr dövlətçiliyə qarşı cinayətlərdir” EKSKLÜZİV

12 İyul 2018 11:34 (UTC+04:00)

“Gəncədə baş verən hadisələr çox üzücü və dövlətçiliyə qarşı olan ciddi cinayətlərdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, bu kimi cinayətlərin qarşısı vaxtında alınmalıdır: “Həmin hadisələrin bir daha təkrar olunmaması üçün böyük iş aparılmalıdır. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Gəncədə baş verən hadisələr çox ağır bir cinayətdir. Bu cinayətləri araşdırmaq üçün isə Azərbaycanın hüquq-mühafizə orqanları ciddi rejimdə işləməlidirlər. Bu cinayətlərin səbəbləri və arxasında dayanan məsələlər ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə də ictimaiyyətə düzgün və doğru məlumatlar verilməlidir”.

Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. Hadisə nəticəsində iki igid polisimiz Vətən uğrunda şəhid olub.