Qaradağda yol qəzasında xəsarət alanlar xəstəxanalara yerləşdirilib

12 İyul 2018 10:55 (UTC+04:00)

Bakının Qaradağ rayonunda baş verən qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - “Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.