UNEC olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır

11 İyul 2018 13:06 (UTC+04:00)

Yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 manat məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər.

UNEC-dən SİA-ya bildirilib ki, olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 manat məbləğində “ikinci əlaçı təqaüdü” verilir.

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər.