Kanadanın Kvebek Milli Kitabxanasının direktoru Milli Kitabxanada olub FOTOLAR

10 İyul 2018 09:17 (UTC+04:00)

Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin baş direktoru Jan-Luis Roy və kitabxananın digər əməkdaşı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar. Kitabxanadan SİA-ya bildiriblər ki, qonaq rəhbəri olduğu kitabxana haqqında ətraflı məlumat verib, Milli Kitabxana haqqında bəzi məsələlərlə maraqlanıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonağı maraqlandıran sualları cavablandırıb və gələcəkdə Kvebek Milli Kitabxanası və Arxivi ilə ikitərəfli əməkdaşlığın yaranmasına ümid etdiyini bildirib.

Qonaq müəllifi olduğu iki kitabı professor K.Tahirova təqdim edib. Bu kitabların Milli Kitabxananın fondunda Kanadadan hədiyyə edilən ilk nəşrlər olduğunu vurğulayan K.Tahirov onların kitabxananın fondunda öz yerini tutacağını diqqətə çatdırıb. Eyni zamanda, kitabxana direktoru qonaqlara Milli Kitabxana haqqında “Azərbaycan Milli Kitabxanası. FotoAlbom” (Azərbaycan, ingilis və rus dillərində) kitabını təqdim edib.

Milli Kitabxanada yaradılan şəraiti yüksək dəyərləndirən qonaqlar oxuculara xidmət proseslərinin avtomatlaşdırılmasından və kitab fondlarında qiymətli kitabların mühafizəsi üçün yaradılan şəraitdən xüsusilə razı qaldıqlarını bildiriblər.