"Qanuna edilən dəyişiklik məktəblərdə sıxlıqla nəticələnə bilər"

9 İyul 2018 11:09 (UTC+04:00)

"Bu gün ölkə üzrə müəyyən məktəblərdə şagird sıxlığı müşahidə edilir. Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğunu hər zaman demişik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazir müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, "Təhsil haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların təhsil hüququ tanınır: "Qanuna əsasən, biz həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər. Amma ümumilikdə proqnozlarımışdıq ki, 6 yaşı tamam olacaq uşaqlar məktəbə gedəcək. Onlar üçün lazımi şəraiti yaratmaq borcumuzdur".

Nazir müavini qeyd edib ki, 2017/2018-ci tədris ilində elə məktəblər var ki, ora ərazi prinsipi tətbiq olunmur: "Lakin sıxlıq müşahidə edilən məktəblərdə uşaqlar ilk növbədə ərazi üzrə qəbul olundu və yalnız əlavə yerlər qaldığı təqdirdə vakansiya elan olundu. Növbəti dərs ilində də bu məsələ ciddi diqqət mərkəzində olacaq".

Artıq ikinci ildir ki, məktəbəhazırlıq və birinci sinifə qəbulun elektron sistem vasitəsilə həyata keçirildiyini deyən M.Vəliyeva söyləyib ki, növbəti tədris ilində məktəbəhazırlıq qruplarında ərazi prinsipi daha geniş şəkildə tətbiq olunacaq: "Növbəti dərs ili üçün məktəblərin düzgün komplektləşdirilməsi üçün xidmət edəcək vacib amillərdəndir".