Yaponiyanın “Fuji” missiyası sakinləri pulsuz müayinə edib

7 İyul 2018 15:23 (UTC+04:00)

Tanınmış yaponiyalı alim, Nansen Qaçqın Mükafatı laureatı doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda səfərdə olan “Fuji” humanitar missiyasının altı optometrist mütəxəssisindən ibarət heyəti Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdıqları 1500 ailəlik yeni qəsəbədə və Şəmkirdəki Nizami Gəncəvi adına tam orta məktəbdə rayonun aztəminatlı ailələrinin və şəhid ailələri üzvlərinin görmə qabiliyyətini müayinə edib və onlara pulsuz eynəklər paylayıb. Hər iki şəhərdə təşkil olunmuş tibbi müayinələr BMT-nin qaçqınlar üzrə ali komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambrosonun dəstəyi ilə həyata keçirilib.

Bildirilib ki, bu, “Fuji” humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət çərçivəsində iyulun 3-dən 5-dək Gəncədə təşkil edilən aksiyada 1452 nəfər müayinədən keçib. Müayinə olunan iştirakçılardan 1141 nəfərinə optik eynəklər paylanılıb. İyulun 6-da və 7-də Şəmkirdə keçirilmiş tibbi müayinələrin birinci günündə 422 nəfər, ikinci günündə isə 400 nəfər baxışdan keçib. Müayinə olunmuş sakinlərdən 715 nəfərinə optik eynək verilib.

Yaponiyanın “Fuji” humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insanlar BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün “Fuji” humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda, görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.

Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuji” humanitar missiyası Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 160 min eynək ianə edib, Azərbaycan da daxil olmaqla bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyalarını həyata keçirib.

Yaponiyanın “Fuji” humanitar missiyasının görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası çərçivəsində humanitar təşəbbüsləri BMT QAK və Azərbaycan Hökuməti tərəfindən, həmçinin benefisiarlar tərəfindən daim yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu səylər Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə anlayış və rəğbət nümayiş etdirir. Azərbaycan Hökumətinin də dəstəyi ilə doktor Akio Kanai 2006-cı ildə Nansen Qaçqın Mükafatına layiq görülüb və o, həmin mükafatdan əldə etdiyi vəsaiti Beyləqan rayonunda məcburi köçkünlər üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə sərf edib.