Tibb və əczaçılıq avadanlıqları üçün təsdiqedici sənədi kim verəcək?

25 İyun 2018 17:15 (UTC+04:00)

Fiziki və hüquqi şəxslər özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların texniki-normativ hüquqi aktların tələblərinə uyğun olması barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiqedici sənədinin surətini təqdim etməlidirlər. SİA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də etdiyi dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların texniki-normativ hüquqi aktların tələblərinə uyğun olması barədə təsdiqedici sənəd ləğv edilmiş Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alınıb.

Qeyd edək ki, “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əsasən Səhiyyə Nazirliyi “e-gov.az”, e-helth.gov.az” elektron ünvanlarında ərizə və müvafiq sənədlərin təqdim edilməsi nəticəsində 15 gün ərzində fiziki və hüquqi şəxslərə elektron qaydada özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsini təmin edir. Elektron xidmət üzrə ödəniş 5 min 500 manatdır.