Müəllif yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTOLAR

25 İyun 2018 13:36 (UTC+04:00)

İyunun 25-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 26 iyun – narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədi daşıyır. Eyni zamanda, məqsəd BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə gününün qeyd olunmasıdır.

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru, “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilmiş ən yaxşı müəllif yazıları müsabiqəsinin münsiflər heyətinin sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları tədbirdə çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, müsabiqənin əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin məqsədi KİV-lərdə sağlam həyat tərzinin təbliğ olunması və bununla ictimaiyyətin, xüsusilə gənclərin məlumatlılığının artırılması, bu istiqamətdə mətbuatda dərc olunan materialların sayının artırılmasının stimullaşdırılması və gənc jurnalistlərin yaradıcılıq qabiliyyətlərinin nümayiş olunmasına şərait yaradılmasıdır. Sonda “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilmiş ən yaxşı müəllif yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Mükafatlandırılanlar sırasında SƏS Media Qrupun əməkdaşı da var.

GÜLYANƏ