Vüqar Rəhimzadə: “Ərdoğanın prezident seçilməsi labüddür” MÖVQE

25 İyun 2018 13:13 (UTC+04:00)

“Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da yüksələn xətlə davam edəcək. İki ölkənin münasibətləri təkcə qonşuluq, dostluq münasibətləri deyil, həm də qardaşlıq münasibətinə söykənir. Hesab edirəm ki, bu, dünyaya nümunə olacaq bir münasibətdir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyip Ərdoğanın növbəti dəfə prezident seçilməsi hesab edirəm ki, aparılan bu siyasətin daha da davamlı olmasına, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə yönəlmiş olacaqdır: “Ərdoğanın prezident seçilməsi labüddür. Onun ölkə ictimaiyyəti arasında olan nüfuzu, ölkədə gördüyü işlər, dünya siyasətində yeri və rolu apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.

Türkiyə bizim üçün sözün həqiqi mənasında dost və qardaş dövlətdir. Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərlərinin yüksək səviyyədə formalaşması hesab edirəm ki, ölkələrimizin dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəm zəmində inkişafına böyük bir təkan verir. Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Bu ölkələr arasında əlaqələrin böyük tarixi var. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və hər zaman ölkəmizin yanında olduğunu açıq şəkildə ifadə edilir".