Leysan yağışları Daşkəsən rayonuna ciddi ziyan vurub

25 İyun 2018 12:22 (UTC+04:00)

İyunun 24-də axşam saatlarından başlayan leysan yağışları nəticəsində yaranmış daşqınlar Daşkəsən rayonunun yol, elektrik, qaz və rabitə təsərrüfatına, evlərə və şəxsi təsərrüfatlara, ərazidəki sosial obyektlərə, yaylaqlarda sakinlərin mal-qarasına ziyan vurub.

Daşkəsən Rayon İcra Hakimiyyətindən SİA-ın bölgə müxbirinə bildirilib ki, təbii fəlakət nəticəsində Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Sel suları Təzəkənd ərazisində su keçid körpülərini tamamilə dağıdıb, Xoşbulaq kəndinin iki hissəsini birləşdirən körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb. Çay kənarında yerləşən bir neçə fərdi ev yararsız hala düşüb, bir çox evləri isə su basıb. Qaraqullar kəndi ərazisində avtomobil yolunun xeyli hissəsi sıradan çıxıb, bir neçə avtomobili sel aparıb.

Bir sıra yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

Təbii fəlakətin fəsadlarının müəyyənləşdirilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən operativ qərargah yaradılıb, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə sel sularının zərər vurduğu ərazilərə baxış keçirilib. Rayon icra hakimiyyətində yaradılmış qərargah gecə saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara lazımi kömək edib. Kəndlərdə xəsarət alan şəxslərə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq nazirliklərin və rayon icra hakimiyyətinin əməkdaşları birgə tədbirlər həyata keçirirlər.