Çimərlik futbolu üzrə Avropa Liqası turnirinə yekun vurulub

25 İyun 2018 12:11 (UTC+04:00)

Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası turnirində III turun oyunları keçirilib. SİA xəbər verir ki, turnirin sonuncu oyununda Azərbaycan milli komandası Portuqaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Portuqaliya millisindən Andrade Elinton turnirin ən yaxşı qapıçısı, Leonardo Santos isə ən yaxşı oyunçusu seçilib. Hərəyə 6 qol vuran İsveçrə millisinin üzvləri Dejan Stankoviç və Noel Ott turnirin ən məhsuldar oyunçuları olublar. Müvafiq olaraq birinci və ikinci qrupun qalibi olan Portuqaliya və Ukrayna komandalarına kubok təqdim edilib.

Komandalara mükafatları Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidentinin müavini Gabina Renales veriblər.