Əli Kərimli sübut etdi... TƏRS BAXIŞ

25 İyun 2018 11:49 (UTC+04:00)

Əbülfəz Elçibəyə nifrətini!

Mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi ərəfəsində və sonra ənənəvi müxalifət cameəsində kəskin qarşıdurma yaşanıb. Məsələ ondadır ki,

AXCP sədro Əli Kərimli onun yubileyinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan nə təşkilat komitəsində, nə də tədbirlərdə iştirak etdi. Bu amil isə bir daha sübut etdi ki, hələ sağlığı dövründə liderinə qarşı ən alçaldıcı fikirləri mediada yayımladan Ə.Kərimli hətta onun ölümündən sonra belə, bu nifrətini saxlamaqda davam edir.

Əvəz Zeynallı: “Təsəvvür edin ki, Əli Kərimli və onun partiyasına israrla hər həftə dəvət göndərmişik”

Bu arada Elçibəyin yubileyi ilə bağlı yaradılan təşkilat komitəsinin üzvlərindən biri olan Əvəz Zeynallı mətbuata açıqlamasında dəfələrlə Ə.Kərimliyə dəvət göndərdiklərini bildirib: “Elçibəy-80 təşkilat komitəsi bu il fevralın 4-də yaradıldı. O komitəyə nə vaxt qatıldığımın bu məsələyə dəxli olmasa da, onu deyə bilərəm ki, həmin komitənin qatıldığım bütün iclaslarında birtərəfli iclas keçirmişik. Əli Kərimlinin adı olub, onu və AXCP-ni israrla orada görmək istəmişik. Hər iclasda müzakirə olub. Əli Kərimlinin partiyasına xüsusi dəvətnamələr göndərilib, bu dəvətnamələr onun köməkçisi Faiq bəyə verilib. Xahiş etmişik ki, onların fikirlərini alaq və bu istiqamətdə hərəkət edək. Təsəvvür edin ki, Əli Kərimli və onun partiyasına israrla hər həftə dəvət göndərmişik. Amma çox təəssüflər olsun ki, nə onun özü, nə də tərəfdarlarından, hətta “Milli Şura”dan kimsə iştirak etmədi. Çox hörmətli “Milli Şura” sədri Cəmil Həsənliyə belə dəvət göndərmişik. Onların nə üçün belə davranmalarına səbəblərin nə olduğu barədə nəsə deyə bilmərəm...”

Beləliklə, ortaya çıxan maraqlı faktlardan biri də budur ki, zaman-zaman mitinqlərində Elçibəy adı altında “bəlağətli nitqlər” söyləyən insanlar belə, xüsusilə “Milli Şura”nın sədri Cəmil Həsənli bilavasitə Ə.Kərimlinin “Fatı qalx, Fatı otur” komandası ilə hərəkət edir. Həsənli məhz bu səbəbdən, müxtəlif bəhanələr gətirib, Elçibəyin yubileyinə qatılmayanlar arasında yer alıb.

İttihamın davamı: “Missiya sahibi olanlar öz eqolarını göstərməklə məşğul oldular”

Lakin ittihamlar davam edir. Misal üçün, Ə.Zeynallı öz açıqlamasında bildirib ki, Əli Kərimlinin nədən gəlmədiyi onun özündən soruşulsa, daha maraqlı olar: “Onun nə üçün gəlməməsi barədə hər cür iddia var. Müsavatçıların iddiası var idi ki, niyə Qubad İbadoğlu oradadır. Eləcə də, Qubad bəyin tərəfdarları deyirdi ki, niyə müsavatçılar orada var. Əli Kərimli deyir ki, niyə Qüdrət Həsənquliyev oradadır, eləcə də, əks tərəf Əli Kərimlinin orada olmamasını deyirdi...Çox təəssüflər olsun ki, missiya sahibi olanlar öz eqolarını göstərməklə məşğul oldular. Belə gedişlə bu bayrağı çox irəli aparmaq olmaz...”

Baş verən olayı incələdikcə, digər məsələlər də ortaya çıxmaqdadır. Məsələn, Ə.Kərimlinin Elçibəyin yubiley törəninə qatlmaması həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, bu “insan” həqiqətən də psixi xəstəliyə sahibdir, çünki ən azından, iddia olunduğu qədər mərhum liderinin adından belə çəkinir. Əgər nəzərə alarsaq ki, Elçibəyin ölümündə onun əlinin olması barədə faktlar var, bu zaman Kərimlinin yubileyə qatılmamasının pərdəarxası məqamlarını daha aşkar şəkildə görə bilərik.

Rövşən RƏSULOV