Energetika naziri Vaşinqtondakı beynəlxalq konfransda iştirak edəcək

25 İyun 2018 11:24 (UTC+04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunun 25-də Vaşinqtonda “Mərkəzi və Şərqi Avropada 21-ci əsrin enerji sistemlərinə doğru” adlı beynəlxalq konfransda iştirak edəcək. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, tədbirdə nazirin çıxışı, həmçinin müxtəlif müzakirələrdə iştirakı nəzərdə tutulur.

Konfransa Cənub Qaz Dəhlizi, həmçinin və Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

İclasda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin, eləcə də Avropa və ABŞ-ın hökumət və analitik mərkəzlərinin nümayəndələrinin, müxtəlif enerji şirkətlərinin rəhbərlərinin iştirakı planlaşdırılır. Konfrans çərçivəsində çoxsaylı görüşlər də gözlənilir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.