Lerik və Lənkəranda iki yol qəzası olub, 1 nəfər ölüb

25 İyun 2018 01:40 (UTC+04:00)

Lənkəran-Lerik yolunun Lerik rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Yaralılardan biri tanışı olan Lənkəran sakininə qəzaya düşdükləri barədə məlumat verib. Həmin şəxs isə hadisə yerinə çatmaq üçün 42-CB-106 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilini sürətlə sürən zaman Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində kənd sakini, 1964-cü il təvəllüdlü Əliməmməd İlyas oğlu Şükürovu vurub.

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, Ə. Şükürovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlk hadisə zamanı xəsarət alan 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.